Şrift:
Nəsimi ilində Nəsimi poeziyasına fərqli yanaşmalar nümayiş olunacaq
09.04.2019 [09:18] - Gündəm, Afişa
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq Teatrınının İmadəddin Nəsimiyə həsr etdiyi festivala sayılı günlər qaldı.
Belə ki, teatr özünün “Bir teatr, bir festival” layihəsi çərçivəsində gerçəkləşəcək üçüncü “Bizim teatr festival”ını Nəsimi ilinə həsr edəcək. “Nəsimi ili - Nəsimi dili” adlandırılacaq festivalın 2019-cu il aprelin 12-13-də Aktyor Evində gerçəkləşməsi nəzərdə tutulur.
Festivalda Bakı Uşaq Teatrı tam tərkibdə iştirak edəcək. Bununla yanaşı, tədbirin quruluşçu rejissoru teatrın bədii rəhbəri-direktoru, əməkdar artist İntiqam Soltan, musiqi tərtibatçısı Rauf Hüseynli, qəzəllərin seçimi və tədbirin ədəbi tərtibatçısı Arzu Soltan, rəqslərin quruluşçusu Könül Şahbazova, səhnə tərtibatçısı Sevda Məmmədovadır. Teatrın aktyorları Niyaz Qasımov və Mehman Piriyev də festivalda iştirak edəcək hazır çıxışların seçilməsində yaxından iştirak edir.
Festivalda Bakı Uşaq Teatrının yaradıcı heyəti Nəsimi poeziyasından nümunələrlə çıxış edəcək, müstəqil qəzəl təqdimatları və müxtəlif kompazisiyalar nümayiş etdirəcəklər. Təqdimatlarda əsasən Nəsimi poeziyasının nümunələrinə fərqli yanaşmalara və yozumlara diqqət ayrılacaq. Məqsəd teatrda çalışan hər kəsə öz yaradıcılıq imkanlarını nümayiş etdirmək imkanı verməkdir.
Bundan başqa , müxtəlif teatrların və yaradıcı kollektivlərin təmsilçiləri də festivalda Nəsimi poeziyasından nümunələrlə çıxış etməyə dəvət olunub. Artıq Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Dərbənd Azərbaycan Dövlət Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti çıxışla bağlı festivalın təşkilat komitəsinə müraciət ediblər və proqrama salınıblar. Respublika İncəsənət Gimnaziyasının şagirdləri də festivala qonaq qismində qatılacaqlar.
Festivalın informasiya dəstəkçisi İctimai Televiziya və Radio Yayımları Şirkəti və teatro.az saytıdır.
Xatırladaq ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bu ili ölkəmizdə “Nəsimi ili” elan edib. Böyük şair və mütəfəkkir Nəsiminin 650 illiyi bu il təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında qeyd olunur.




Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed