Şrift:
Azərbaycan ərazi bütövlüyünü təmin etməyə qadirdir
09.04.2019 [11:32] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Ekspertlər hesab edirlər ki, Prezident İlham Əliyevin daxili və xarici siyasətində Dağlıq Qarabağ probleminin ədalətli həlli əsas prioritetdir

Azərbaycanın xarici siyasət kursunda Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ölkənin ərazi bütövlüyünün təmin olunması hər zaman bir nömrəli problem - əsas vəzifə kimi qarşıya qoyulub. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva xarici ölkələrə rəsmi səfərlərində, beynəlxalq əhəmiyyətli tədbirlərdə ən yüksək tribunadan Dağlıq Qarabağ problemi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırıb, münaqişənin tənzimlənməsi üçün danışıqlar aparıblar. İndiyə qədər münaqişədən əziyyət çəkən, 20 faiz ərazisi işğal olunan Azərbaycan hər zaman Dağlıq Qarabağ problemini gündəmdə saxlayıb. Yola saldığımız ötən iki həftə isə bu baxımdan növbəti dəfə diqqəti cəlb edib. Martın 29-dakı Vyana görüşündən sonra Prezident İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub. Hərbçilər qarşısında çıxış edən dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Bakının mövqeyinin dəyişməz olaraq qaldığını bəyan edib. Aprelin 3-də Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüş keçirib. Bununla o, hərbçilərimizə, qazilərimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğını növbəti dəfə nümayiş etdirib. O, Azərbaycan dövləti və xalqı üçün hər bir əsgərin əziz, dəyərli olduğunu vurğulayaraq, əlil hərbçilərimizin sağlamlığının bərpası və normal həyata qayıtması üçün Azərbaycan dövlətinin bütün lazımi addımları atdığını, bundan sonra da bu istiqamətdə mühüm işlər görüləcəyini bildirib. Birinci vitse-prezident hərbçilərə xitab edərək, "Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var”, - deyə bildirib. O, belə əsgərlərlə, zabitlərlə Qarabağın mütləq qaytarılacağını, Qarabağın hər bir kəndində, şəhərində Azərbaycan bayrağı dalğalanacağını bəyan edib. Aprelin 5-də isə Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimi keçirilib. Görüşdə çıxış edən dövlət başçısı bir daha bəyan edib ki, əsas məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. O, bu istiqamətdə ardıcıl işlər aparıldığını, Azərbaycanın prinsipial mövqeyində heç bir dəyişiklik olmadığını diqqətə çatdıraraq deyib ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri, mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında öz həllini tapmalıdır. Göründüyü kimi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, bu problemin daim gündəmdə saxlanılması üçün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sistemli və ardıcıl iş aparılır. Eyni zamanda torpaqlarımızın müdafiəsi zamanı şəhid olan əsgər və zabitlərimizin ailə üzvlərinə, həmçinin sağlamlığını itirən hərbçilərə böyük diqqət və qayğı göstərilir. Ən nəhayət, Ermənistan işğalı nəticəsində öz yurd-yuvasından didərgin düşən 1 milyondan artıq qaçqın və məcburi köçkünün də mənzil-məişət problemi, sosial qayğıları həllini tapır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmiz üçün deyil, ümumilikdə region üçün problemə çevrilib. Millət vəkilinin sözlərinə görə, dünyanın həssas bölgələrindən biri sayılan Cənubi Qafqaz regionunda beynəlxalq layihələrin həyata keçirilməsi üçün risklərin tamamilə aşağı səviyyədə olması zəruridir. Deputat qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti, qeyri-konstruktivlik nümayiş etdirərək Dağlıq Qarabağ probleminin həllini yubatması bütün dünyanı təhdid edəcək situasiya formalaşdırıb: "Dağlıq Qarabağ münaqişəsi hər kəsdən, hər bir dövlətdən daha çox bizim problemimizdir. Azərbaycanda bütün istiqamətlər üzrə həyata keçirilən siyasət Dağlıq Qarabağ siyasətinin cinah siyasəti sayıla bilər. Bütün siyasət ona köklənir ki, problem ədalətli həll olunsun, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Azərbaycan Prezidentinin xarici siyasəti, ölkədə reallaşdırılan islahatlar, daxili siyasət də daxil olmaqla, ümumilikdə başlıca hədəf Dağlıq Qarabağ probleminin həll olunmasıdır. Xarici siyasətin bir qanadı sayılan hərbi siyasət də Dağlıq Qarabağ problemində ədalətli status-kvonun əldə olunmasına yönəlib. Hesab edirəm ki, bütün platsdarmlarda məsələni öz xeyrimizə həll edə bilmişik. Dünya dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyirlər. Ölkə başçısı son fəaliyyəti ilə bütün dünyaya bir daha nümayiş etdirir ki, Azərbaycanın həm daxili gücü, sabitliyi, əmin-amanlığı, iqtisadi gücü, xalq-iqtidar birliyi, həm də hərbi qüdrəti var və xalq savaşa hazırdır. Həmsədr dövlətlər beynəlxalq Konvensiyalara, BMT Nizamnaməsinin müvafiq maddələrinə, indiyə qədər icra olunmayan məlum 4 qətnaməyə uyğun olaraq işğalçı Ermənistanı məcbur etməlidirlər ki, Azərbaycan ərazilərini azad etsin. Əks təqdirdə, Azərbaycan hərbi yolla işğal altındakı əraziləri azad edəcək, ərazi bütövlüyünü təmin edəcək. Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın qəti mövqeyini dəfələrlə bəyan edib. Tarixi Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç bir halda imkan verilməyəcək”.

Millət vəkili Fəzail İbrahimli də bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli üçün Prezident İlham Əliyevin atdığı addımlar, keçirdiyi görüşlər, daxili və xarici siyasət birmənalı olaraq dəstəklənir: "Son Vyana görüşü də diplomatik baxımdan uğurlu sayıla bilər. Çünki buna qədər Ermənistan tərəfi müxtəlif bəhanələrlə rəsmi danışıqlardan yayınmağa, yaxud işğal altındakı Dağlıq Qarabağda yaratdıqları qondarma qurumu da danışıqlara cəlb etməyə çalışırdı. Lakin Azərbaycan diplomatiyasının uğuru sayəsində bu cəhdlərin qarşısı alındı, Ermənistan yenidən danışıqlar masasına gətirildi. Eyni zamanda, beynəlxalq aləmə nümayiş olundu ki, Azərbaycan problemin sülh yolu ilə həllindən qaçmır, əksinə buna maraq göstərir. Biz onu da bilirik ki, ixtiyarı öz əlində olmayan Ermənistan siyasi rəhbərliyi ilə danışıqlar aparıb tez bir zamanda hər hansı nəticəni əldə etmək asan məsələ deyil. Dağlıq Qarabağ məsələsinin həll olunması üçün Azərbaycan Prezidenti, Birinci vitse-prezident səviyyəsində atılan bütün addımlar zamanın ruhuna, tələbinə uyğundur. Heç kəsə sirr deyil ki, güclü Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi müharibə yolu ilə azad etməyə tam qadirdir. Aprel döyüşləri buna əyani misaldır. Aprel döyüşlərində müdafiə naziri Zakir Həsənovun da qeyd etdiyi kimi, Azərbaycan Ordusunun cəmi 20 faizi ilə Ermənistanın bütün silahlı qüvvələri vuruşdu və məğlub oldu. Strateji yüksəkliklərə nəzarəti Azərbaycan əsgəri ələ keçirdi. Bununla da "qüdrətli Ermənistan ordusu” mifi puç oldu, Ermənistan daxilində parçalanma baş verdi, ardınca ölkəni kütləvi etiraz bürüdü, siyasi hakimiyyət inqilab yolu ilə devrildi. Əslində bu, bütün dünyaya Azərbaycan xalqının, ordusunun gücünü, qüdrətini, eyni zamanda işğal faktı ilə barışmayacağını nümayiş etdirdi”.

Rufik İSMAYILOV
Bu xəbər oxucular tərəfindən 735 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed