Şrift:
Qızıltəpə abidəsində aparilmış arxeoloji qazıntı
11.04.2019 [09:44] - Gündəm, DAVAMın yazıları
2019-cu ilin mart-aprel aylarında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayevin rəhbəri olduğu İmişli arxeoloji ekspedisiyasi İmişli rayonunun Qizilkənd inzibati ərazi vahidində yerləşən Qızıltəpə abidəsində arxeoloji tədqiqat işlərini davam etdirmişdir.

Qeyd edək ki, aparılan tədqiqatlar nəticəsində Qızıltəpə abidəsinin müdafiə xarakterli və ciddi qorunan bir qala olduğu müəyyən edilmişdir. İki hissədən ibarət olan Qızıltəpə 5 hektardan çox ərazini əhatə edir, 17 metrə yaxın hündürlüyü olan tarixi abidədən ətrafı çox yaxşı müşahidə etmək mümkündür. Bu yerin bir özəlliyi və unikallığı da ondan ibarətdir ki, qala tamamilə su hövzəsi ilə əhatə olunub.

Bu il aparılan tədqiqatlar zamanı, abidədə stratiqrafiyani öyrənmək üçün 23m uzunluğunda, 1 metr enində şurf qazıldı. Hər 2 metr dərinlikdən təbəqələrin planı çəkilib öyrənildi.

Arxeoloji qazinti zamanı sahənin cənub istiqamətində çiy kərpicdən tikilmiş eni 55 sm olan divar qatı, daha sonra qərb istiqamətində də paralel olaraq digər çiy kərpicdən hörülmüş divar, yaxşı vəziyyətdə olan təndir kürəsi aşkarlandı. Aşkar olunmuş divar qatları çox səliqəli düzümlə inşa edilmişdir, araları gil məhlul ilə doldurulmuşdur.

Arxeoloji qazinti sahəsində üzərində rəngli naxışlar olan, şirli və şirsiz, həmçinin, əl işləri ilə döymələr vurulan bir çox məişət əşyaları, şüşə qab fraqmentləri, sümük alətləri, mis sikkələr aşkar olunmuşdur.

“Qazıntının ilk mərhələsindən aşkar olunmuş maddi mədəniyyət nümunələri, abidənin orta əsrlərə aid olduğunu göstərsə də, qeyd etmək istərdim ki, stratiqrafik şurfdan dəmir dövrü, yəni, e.ə. I minilliyə aid material da aşkar olunub” - deyə ekspedisiya rəhbəri Mikayıl Mustafayev vurğulayıb.

“Qeyd etmək istərdim ki, "Qızıl Təpə" abidəsi son zamanlarda arxeoloji qazintilar nəticəsində aşkara çıxarılmış qala, kompleks yaşayış yeri və ümumiyyətlə, ən unikal abidələrdən biridir. Burada mütamadi qazıntı işlərinin aparılması elmi baxımdan oldugca əhəmiyyətlidir. Gələcəkdə aparılacaq tədqiqatlar və əldə edilmiş yeni elmi araşdırmalar bölgənin tarixinin qaranlıq məqamlarına aydınlıq gətirəcək” — deyə Mikayıl Mustafayev açıqlamasında bildirmişdir.





AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Bu xəbər oxucular tərəfindən 42 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed