Şrift:
“Traxtur” klubunun rəsmisi: “Traxtur”un “Sepid rud”a məğlub olması öncədən planlaşdırılmışdır
15.04.2019 [10:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, aprelin 12-də Təbrizin “Traxtur” futbol komandası Rəştdə bu şəhərin “Sepid rud” klubunun qonağı oldu, rəqibinə 3:1 hesabı ilə məğlub olan “Traxtur” hər kəsi təəccübləndirdi.

Artıq “Traxtur” klubunun İdarə Heyətinin rəisi Abbas İlyasi super liqa yarışlarının 25-ci həftəsində keçirilən görüşə etiraz edərək Azərbaycan komandasının məğlub olmasının öncədən planlaşdırıldığını bildirib.

A.İlyasi komandanın qapıçısı Möhsün Fruzanın şübhəli hərəkətləri ilə bağlı bildirib ki, təəssüflə bu gün ağır bir məğlubiyyətə şahid olduq. Burada oyunçunun səhvləri danılmazdır, artıq inqibati komitə onun barəsində qərar verəcək. O, səhvlərinin səbəbi aydınlaşmayana qədər məşqlərə qatıla bilməyəcək.

Klubun İdarə Heyətinin rəisi “Sepid rud”la görüşü idarə edən hakimi də sərt tənqid edib.
“Azərbaycan futbolu bundan əvvəl “Maşınsazi”-“Perspolis” görüşündə bu hakimdən ziyan görmüşdür. Təəssüflə Futbol Federasiyasında deyildiyi kimi, bu oyunda da cənab Rza Məhdəvinin səhvləri “Traxtur”un uduzmasına səbəb olan amillərdən biri kimi yadda qaldı. Hakimin yanlış qərarları və bu nəticədən hansı komandaların qazanması araşdırılaraq üzə çıxarılmalıdır. Biz inanırıq ki, bu kimi ssenarilər gələcək oyunlarda da təkrar oluna bilər. Hər halda klubun sahibi cənab Zenuzinin göstərişi əsasında bu məsələ ilə bağlı lazımi yerlərə müraciət olunacaq. Biz öz oyunçumuzun səhvlərini aydınlaşdırmaqla yanaşı hakimin verdiyi yalnış qərarların da Futbol Federasiyası tərəfindən araşdırılmasını gözləyirik”- deyə o bildirib.

“Traxtur” klubunun rəsmisi təmsil etdiyi kluba qarşı yol verilən ayrı-seçkiliyə görə səlahiyyətli orqanlara sərt xəbərdarlıq edib.
“Gənclər və İdman Nazirliyi, Futbol Federasiyası və Liqa Təşkilatı ölkənin futbolu ilə bağlı məsuliyyət daşıyır. Lakin əməldə bu orqanların yalnız müəyyən komandalar qarşısında məsuliyyət daşıdığı hiss olunur. Bu orqanlar bütün komandaların inkişafı üçün vəsait xərcləyib və səy göstərməlidilər. Amma onlar müəyyən şəhərlər və klublara diqqət ayırır. Misal üçün “Yadqar imam” stadionu 20 ildən çoxdur ki, istifadəyə verilib, lakin bu stadion hələ də təkmilləşməyib. Komanda tərəfdarı kimi, ən yaxşılar sırasında olan “Traxtur” tərəfdarları bir neçə kilometr piyada yol gələrək stadiona çatır. Onlar bir çox imkandan məhrumdur. Ona görə də biz komandaya xərclənən vəsait deyil, ən əsası komanda tərəfdarlarını düşünərək onların sevimli komandasının haqqının tapdalanmasını istəmirik.
Buradan elan edirik ki, Komanda tərəfdarlarının hissiyatı bizim qırmızı xəttimizdir. Onlar üçün ağır olan belə bir gün bir daha təkrar olmamalıdır. Klubun sahibinin göstərişi ilə səhvə yol verənlərə qarşı ciddi tədbir alınacaq. Hamı bilməlidir ki, artıq “Traxtur” klubu belə yanlışlıqlara göz yummayacaq. Doğrudur, futbolda udub-uduzmaq təbiidir, lakin bu şəkildə uduzmaq bizim üçün qəbulolunmazdır”- deyə Abbas İlyasi əlavə edib.
Bu xəbər oxucular tərəfindən 63 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed