Şrift:
Elina ölən məktəbin direktoru haqda məhkəmə qərarı verildi - Ev dustağı olacaq
17.04.2019 [10:19] - Gündəm, Hadisə
Xəbər verildiyi kimi, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, aparılmış istintaqla həmin məktəbin direktoru işləmiş Sevinc Abbasovanın xidməti vəzifələrini lazımı qaydada yerinə yetirmədiyi məlum olub.

"Aparılmış istintaqla həmin məktəbin direktoru işləmiş Sevinc Abbasovanın xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməyib, vaxtaşırı olaraq özünə qapanan Elina Hacıyevanın ruhi-emosional vəziyyətinə xüsusi həssaslıqla yanaşmamaqla, ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd münasibətinin ehtiyatsızlıqdan ölümünə səbəb olmasına, habelə hadisə baş verdikdən dərhal sonra təcili-tibbi yardım çağırılmasını vaxtında təmin etməyərək E.Hacıyevanı təhlükədə qoymasına dair əsaslı şübhələr müəyyən edilib".

Sevinc Abbasova 15 aprel 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Təhsil Nazirliyinin bir müddət öncəki açıqlamasına görə, aparılmış xidməti araşdırma nəticəsində Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru (Abbasova Sevinc Kamil qızı), tərbiyə işləri üzrə direktorun müavini (Məhərrəmova Lalə Arif qızı), sinif rəhbəri (Mehdiyeva Çimnaz Hacıağa qızı) və məktəbin psixoloqunun (Ağayeva Könül İsmayıl qızı) əmək müqaviləsində və aidiyyəti normativ sənədlərdə nəzərə tutulmuş bir sıra vəzifə funksiyalarının icrasını təmin etmədikləri məlum olub.

Xidməti araşdırmanın məlumatlarını nəzərə alan təhsil naziri tərəfindən 162 nömrəli tam orta məktəbin direktoru və tərbiyə işləri üzrə direktorun müavini ilə əmək müqavilələrinə xitam verilməsi, şagirdin təhsil adlığı sinfin rəhbərinə qarşı müvafiq intizam tədbirlərinin görülməsi, məktəbin psixoloqunun işdən kənarlaşdırılması qərara alınıb.
Bu xəbər oxucular tərəfindən 61 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed