Şrift:
Urmiyə məktəbi aşıq musiqisi festivalının qalibləri məlum olub
17.04.2019 [11:37] - Güney Azərbaycan xəbərləri
Qərbi Azərbaycanda keçirilən aşıq musiqisi festivalı aprelin 15-ı axşam saatlarında yekunlaşıb.

Qərbi Azərbaycan İncəsənət Dərnəyində keçirilən 3-cü Urmiyə məktəbi aşıq musiqisi festivalının qalibləri salondakı izləyicilərə təqdim olunub.

Qərbi Azərbaycan İncəsənət Dərnəyinin musiqi işləri üzrə məsulu Daryuş Əlizadə festivalın bağlanış mərasimində çıxış edib. O birinci mərhələdə 50 sənətkarın yarışdığını deyərək festivalın ikinci mərhələsinə 30, üçüncü mərhələyə isə 13 aşığın yol tapdığını bildirib.

“Qərbi Azərbaycan üzrə keçirilən festivalda Qoşaçaydan olan aşıq Əli Quluzadə birinci, Urmiyədən olan Nabatəli Əlizadə ikinci, Xoydan olan Tağı Abazəri və Urmiyədən olan Abdulla Əşrəfi isə birlikdə üçüncü yeri qazanıblar. Xoydan olan Məhəmməd Əlilu və Sulduzdan olan Rza Puyəndə isə sıralama ilə dördüncü və beşinci yeri əldə ediblər.”- deyə o bildirib.

Daryuş Əlizadə son 8 il ərzində Qərbi Azərbaycan İncəsənət Dərnəyində 320 pulsuz konsert proqramının keçirildiyini diqqətə çatdıraraq Qərbi Azərbaycan Əyaləti məsullarından gözləntilərini də dilə gətirib. “Gələcəkdə beynəlxalq və ölkə səviyyəsində festivalların keçirilməsi, aşıq musiqisi ilə bağlı Urmiyə məktəbini tanıtdırmaq, Küçə və meydanların bu sənətin tanınmış şəxsiyyətlərinin adı ilə adlandırılması, ustad aşıqların xarici festivallarda iştirak etməsi üçün şərait yaratmaq, sənətkarların iqtisadi durumuna diqqət yetirmək və s. bizim Qərbi Azərbaycanın mədəniyyət məsələləri üzrə məsullarından olan gözləntilərimizdir.”- deyə o qeyd edib.

Mərasimdə çıxış edən Qərbi Azərbaycan İncəsənət Dərnəyinin rəisi Əhəd Huşmənd isə keçirilən festivalı bölgədə aşıq musiqisi sahəsinin böyük hadisələrindən biri kimi qiymətləndirib. O bildirib ki, 3-cü Urmiyə məktəbi aşıq musiqisi festivalı Qərbi Azərbaycan İncəsənət Dərnəyi, Urmiyə Bələdiyyəsi və Urmiyə Şəhər Şurasının əməkdaşlığı və təşəbbüsü ilə keçirilib.

Türk dünyasında “aşıq”, “ozan”, “bamsı” və “baxşı” adı ilə tanınan saz-söz adamları türk millətinin qədim mədəniyyəti və ənənələrinin qorunub saxlanılmasında hər zaman böyük rol oynayıblar. Bu sənət Güney Azərbaycanda bütün manelərə baxmayaraq inkişaf etməkdədir.

N.S
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed