Şrift:
Əhər-Təbriz yolunun asfaltı istifadəyə verildikdən bir ay sonra dağılıb
18.04.2019 [11:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Uzun illər gözləntidən sonra Təbriz-Əhər yolunun istifadəyə verilən hissəsində asfalt bir ay belə davam gətirə bilməyib.

Məlumata görə, yol qısa müddət sonra bərbad vəziyyətə düşüb, bir çox yeri dağılıb.

Bu barədə Əhər və Herisin millət vəkili Beytulla Abdullahi “Fars” xəbər agentliyinə danışıb.

Əhalinin etirazından sonra yola baxış keçirildiyini deyən millət vəkili asfalt və yolun altyapısının keyfiyyətsiz olduğunu bildirib.
“Yol təxminən bir ay əvvəl istifadəyə verilib, lakin yolun tikilməsinə nəzarət edilmədiyi üçün artıq asfalt və onun altyapısı çöküb. Hesab eliyirəm ki, belə işlərə ciddi nəzarət olunmalıdır. Şərqi Azərbaycan Yol və Şəhərsalma İdarəsi bu məsələni araşdıraraq günahkarları cəzalandırmalıdır.”- deyə o bildirib.

Beytulla Abdullahi əlavə edib ki, Əhər-Təbriz yolu əyaləti qonşu bölgələrlə bağlayan ən hərəkətli yollardan biridir. Ona görə də bu yol bütün imkanlara malik olmalıdır. Caddənin keyfiyyəti, yol nişanları və s. elə bir səviyyədə olmalıdır ki, insanlar rahat şəkildə bu yoldan istifadə edə bilsin... .

Millət vəkilinin dediyi kimi, Əhər-Təbriz yolu olduqca hərəkətli və bölgə üçün böyük əhəmiyyət kəsb edən bir caddədir. Yolun ensiz olması və təhlükəli döngələri səbəbindən hər il onlarla bölgə əhalisi yol qəzası keçirərək həlak olur. Bu vəziyyət o həddə çatıb ki, Əhər-Təbriz yolu “Azərbaycanın ölüm caddəsi” adı ilə dillərə düşüb.

Sözügedən yolun təmiri və enləndirilməsi ilə bağlı işlərə 10 il əvvəl başlanılıb, lakin bu yol hələ də istifadəyə verilməyib. Hökumət hər dəfə yolun bir hissəsini istifadəyə verməklə özünü reklam edir, buna baxmayaraq yolun bir çox hissəsində təmir işləri yekunlaşmayıb. İstifadəyə verilən hissələr isə yenidən dağılaraq sıradan çıxır. 10 il müddətində təmiri yekunlaşmayan Əhər-Təbriz yolunun uzunluğu 90 kilometrdir.
Bu xəbər oxucular tərəfindən 42 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed