Şrift:
Ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi məşq keçirilib
20.04.2019 [10:51] - Gündəm, Sosial
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi aprelin 19-da Yevlax şəhər hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirib.

FHN-dən bildiriblər ki, məşqə regional mərkəzin aidiyyəti struktur bölmələri, Yevlax Şəhər İcra Hakimiyyətinin mülki müdafiə qərargahı, müvafiq idarə və təşkilatlarda yaradılmış ərazi mülki müdafiə qüvvələrinin - ictimai asayişin mühafizəsi, yanğın təhlükəsizliyi, tibb, rabitə və xəbərdarlıq, elektrik qəza, qaz qəza, su kanalizasiya qəza, baytarlıq və digər xidmətlərin şəxsi heyəti və texnikaları cəlb olunub.

Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Cəlb olunan şəxsi heyət qarşısında çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Ceyhun Kərimxanov və Aran Regional Mərkəzinin mülki müdafiə idarəsinin rəisi mayor Elşən Bəşirov bildiriblər ki, ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqinin keçirilməsi əhalinin mülki müdafiə hazırlığının yüksək səviyyədə olmasına təminat verir. Məşqin keçirilməsində əsas məqsəd hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılmasından və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılmasından, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsindən, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanmasından ibarətdir.

Sonda məşqin təhlili aparılaraq yaranan çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.
Bu xəbər oxucular tərəfindən 45 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed