Şrift:
Radikal müxalifət Azərbaycan cəmiyyətinə lazımdırmı?
20.04.2019 [12:26] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Partiya sədrinin fikrincə, anarxist, dağıdıcı, qisasçı mahiyyət daşıyan radikal müxalifətin sosial dayaqları yoxdur

Müxalifətin dağıdıcı, anarxist düşərgəsi olan "radikal müxalifət” qanadı günbəgün əsl simasını göstərməkdədir. 90-cı illərin ab-havasından çıxa bilməyən bu qüvvələrin ötən illər ərzində müxtəlif adlar altında birləşməsi və yenidən bir-birini təhqir edərək ayrılmasının dəfələrlə şahidi olmuşuq. Belə qüvvələr indi də "Milli Şura”, "Azərbaycan Xalq Hərəkatı” və sair adlar altında bir araya gəliblər. Siyasi mübarizənin necə aparıldığını öyrənə bilməyən bu qüvvələr gəlişigözəl adlar altında birliklər yaradaraq özlərini cəmiyyətə sırımağa cəhd edirlər. Söyüş və təhqirləri "demokratik” yanaşma kimi sərgiləyən bu qüvvələr cəmiyyət tərəfindən qəbul edilmir. Bunu açıq şəkildə həm mediadan, həm də sosial şəbəkələrdən görmək olar. Belə olan halda, köhnə təfəkkürlü, yalnız dağıdıcı mövqedə olan və təhqirlərdən o yana keçə bilməyən radikal müxalifət Azərbaycan cəmiyyətinə lazımdırmı?


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, əslində "radikal müxalifət” sözünü daha çox "qeyri-milli anarxist” sözü ilə əvəzləmək lazımdır: "Çünki radikallıq fərqli bir şeydir. Bir milli qüvvə ola bilər və o, radikal davranar. Məsələn, Dağlıq Qarabağ işğaldadır, biz silahlanırıq və ərazilərimizi azad etməyə gedirik. Yaxud da, siyasi mübarizəmizi dondururuq, müharibə üçün hazırıq və savaşa yollanırıq. Necə ki, 2016-cı ildə Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ departamentindən 860 nəfər keçmiş döyüşçü ərizə ilə dövlət başçısına müraciət etdi və Ali Baş Komandanın əmrini gözlədiyini bildirdi. Təəssüflər olsun ki, radikal dediklərimiz sovet dönəmində, 20 Yanvar hadisələrindən sonra qorxularından özlərini "Şimali Azərbaycan Demokrat Partiyası” adlandırdılar və imperiyaya qarşı radikal mübarizə aparmadılar. Biz o dövrdə bütün üsullarla mübarizə aparırdıq və rəhbərlik etdiyim "Qisas” təşkilatı var idi. Amma bunlar gizlənirdilər. İndi isə öz dövlətinə qarşı radikal mübarizə aparmaq dövlətçiliyə qarşı çıxmaqdır. Başqa dövlətlərin hazırladığını ölkəyə gətirənlərin "qəhrəmanlığı” göstərir ki, qorxaqdırlar. İndi demokratik mübarizə aparmaq lazımdır, dövlətin möhkəmlənməsinə xidmət edilməlidir”.

F.Quliyev əlavə etdi ki, heç bir ideya ortaya qoymayan, konseptual təkliflə çıxış etməyən bu adamlar sadəcə olaraq kreslo davası edirlər, amma bacarmırlar: "Bunların savaşı "ana müxalifət” adı ilə bağlıdır. Biz görmüşük ki, müxalifət fərdlərə qarşı yox, problemlərə qarşı müxalifətçilik edər. Hər hansı bir hərəkət dövlətə, milli maraqlara qarşıdırsa, biz onun qarşısındayıq. Amma bunlar qan düşmənçiliyi səviyyəsində mübarizə aparırlar və hər şeyi qara rəngdə görürlər. Ortaya da konseptual bir şey qoymurlar. Yəni, əslində müxalifətçilik nöqsanları göstərmək və alternativ yolu təqdim etməklə onun aradan qaldırılması üçün öz mövqeyin ortaya qoymaqdan ibarət olmalıdır. Bunu da bacarmırlar və hakimiyyət uğrunda sivil mübarizə bir yana, indi də "ana müxalifət” uğrunda dava salıblar. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Onlar "mən daha çox müxalifətəm”, "daha çox qrant istəyirəm”, "xarici mərkəzlərdə məni tanısınlar” deyə, bir savaş aparırlar. Kasa içərisində fırtına edən bu adamlar yalnız biri-birinə qarşı mübarizə aparmaq iqtidarında və gücündədirlər. Çünki ortada ideoloji birlik yoxdur. Özünü guya ki, Rəsulzadə-Elçibəy irsinin davamçısı kimi təqdim edənlər onda niyə bir yerdə ola bilmirlər? Əlbəttə ki, aralarındakı savaş korporativ maraqlar, qrant və "ana müxalifət” kimi görünmək uğrunda gedir və bunun üçün cəmiyyətdən istifadə edirlər. Siyasi qüvvələr bunu çoxdan bilirdi. Əhalinin 90 faizi bunların arxasınca getmirdi və biz bunu mitinqlərdə gördük. 10 faiz siyasiləşmiş mühit var idi ki, indi radikal dediyimiz düşərgədə həmin bu insanları biri-birilərinin əlindən almaq uğrunda savaş gedir. Artıq biri-biriləri ilə dava etməklə də iç üzlərini ortaya qoyurlar. Yəni, bu, özünüifşadır. Hər zaman demişəm ki, bu adamlara meydan vermək lazımdır ki, görünsünlər. Çünki görünməyəndə onlar haqqında mif yaranır. Ona görə də meydan vermək lazımdır ki, bilməyənlər də kimin millətə, kimin isə korporativ maraqlara xidmət etdiyinin şahidi olsun”.
AZAD
Bu xəbər oxucular tərəfindən 334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed