Şrift:
“Traxtur”un son görüşündə saxlanılan soydaşlarımızdan 2-nin kimliyi müəyyənləşib
22.04.2019 [11:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Aprelin 19-da Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” futbol komandası ilə “Peykan” arasında keçirilən görüş zamanı çox sayda soydaşımız təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, onlardan artıq ikisinin kimliyi müəyyənləşdirilib.

Xəbər verdiyimiz kimi, Azərbaycan futboluna qarşı ayrı-seçkiliyin dayandırılmasını tələb edən “Traxtur” tərəfdarlarına təhlükəsizlik qüvvələri tərəfindən güc tətbiq olunub. Rezin dəyənək və gözyaşardıcı qazla hücuma keçən hökumət qüvvələri komanda tərəfdarlarını döyərək onlardan bir çoxunu yaralayıb. “Təsnim” xəbər agentliyi hadisələr zamanı 50 nəfər “Traxtur” tərəfdarının xəsarət aldığını qeyd etsə də azərbaycanlı fəallar stadionda yüzlərlə soydaşımızın yaralandığı, onlarla tərəfdarın isə yaxalandığını bildirir. Fəalların sözlərinə görə, stadionda böyük izdiham yaşandığı üçün tutulanların kimiyini müəyyənləşdirmək mümkün olmayıb.

Bu ana qədər stadionda saxlanılan “Traxtur” tərəfdarlarından yalnız ikisinin kimliyi müəyyən edilib. Məlumata görə, komandanın Qəzvindən olan tərəfdarı Mehdi Həbibullahi oyun başlamadan 2 saat əvvəl, sulduzlu tərəfdar Əli Dustniya isə oyun bitdikdən sonra stadionu tərk edərkən saxlanılıb. Naməlum istiqamətə aparılan fəalların harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur, bu məsələ onların ailəsinin nigaranlığına səbəb olub.

18-ci super liqa yarışları yekunlaşmaq üzrə olduğu üçün “Traxtur” komandası çempion olmasın deyə komandaya qarşı gizli ssenari qurulub. Bu ssenariyə öyrədilmiş hakimlər və “Sepid rud”la görüşdə müşahidə olunduğu kimi, “Traxtur”un qapıçısı Möhsün Fruzanın xəyanət etməsi daxildir. Hazırda turnir cədvəlinə liderlik edən Tehranın “Perspolis” komandasını çempion etmək üçün başqa işlər də görülür. Məsələn, ötən günlərdə “Saypa” ilə görüşdə “Perspolis” komandasının rəqib komandaya vurduğu qol hər kəsdə şübhə doğurur. Bütün bunlar ötən cümə günü Təbrizdə keçirilən görüşdə “Traxtur” tərəfdarlarının etiraz şüarları səsləndirməsinə səbəb olub. Təhlükəsizlik qüvvələrinin tərəfdarlara qarşı hücuma keçməsi aranı qarışdırıb.
Bu xəbər oxucular tərəfindən 384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed