Şrift:
Səccad Monadinin 1 illik həbs cəzası təsdiqlənib
22.04.2019 [11:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil Şəhər Apelyasiya Məhkəməsi Muğanın Parsabad şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Səccad Monadinin 1 illik həbs cəzasını olduğu kimi qüvvədə saxlayıb.

Məlumata görə, Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən aprelin 18-də Səccad Monadiyə göndərilən hökmdə həbs cəzasının təsdiqləndiyi və etirazın rədd olunduğu qeyd olunub.

Hökmdə qərarın təsdiq olunmasına səbəb kimi, Parsabad Şəhər Bəsic Bölməsi komandanının raportu və fəalın açıq etiraf etməsi göstərilib. Halbuki, əldə olunan məlumata görə, azərbaycanlı fəal özünmə qarşı irəli sürülən bütün ittihamları rədd edib.

2018-ci ilin sentyabr ayında Parsabad Ettelaat Şöbəsinin əməkdaşları Səccad Monadinin ata evinə hücum edib, axtarış apardıqdan sonra fəala məxsus kompüter, flash kart, pasport və milli kartı özləri ilə götürüblər.

Parsabad 2 nömrəli Cəza Məhkəməsinin 102-ci Şöbəsinin rəisi Firuz Fərahani Məzrəə Cahan 2019-cu il yanvarın 8-də fəal haqda 1 illik həbs hökmü çıxarıb.

Azərbaycanlı fəal millətçi məhbuslara dəstək vermək və milli zəmində fəaliyyət göstərmək ittihamı ilə həbs cəzasına məhkum edilib.

Muğan məntəqəsində fəaliyyət göstərən azərbaycanlı milli fəalların əksəriyətinin məhkəmə işinə hakim Firuz Fərahani Məzrəə Cahan baxır. O Muğan Ettelaat Şöbəsinin rəisi Həzrətinin diktəsi ilə fəallar barəsində ağır həbs qərarı çıxarır.

Hakim Firuz Fərahani Məzrəə Cahan çıxardığı hökmdə qeyd olunub ki, Səccad Monadi milli zəmində geniş fəaliyyət göstərir, GAMAC Təşkilatı və milli məsələyə görə həbs olunan azərbaycanlı fəallara dəstək nümayiş etdirir. Son vaxtlar fəaliyyətini artıran S.Monadi “Muğan- Azərbaycan Milli Hərəkatı” Təşkilatı ilə də gizlicə əməkdaşlıq edir. O divarlara şüar yazmaq və həmin görüntüləri millətçi cərəyana bağlı mətbuat orqanlarına çatdırmaqda da fəal iştirak edir. Səccad Monadi milli zəmində fəal olan şəxslərin fəaliyyəti barədə müxtəlif materiallar və sənədli filmlər hazırlamaq və onları daxili və xarici kütləvi informasiya vasitələrinə yaymaqda da fəaldır.

Hökmdə həmçinin qeyd olunub ki, Səccad Monadi həbsdə olan azərbaycanlı fəallara dəstək vermək məqsədi ilə divarlara “İbrahim Nuri azad olsun”, “İbrahim Nuriyə azadlıq”, “Siyamək Mirzayi azad olsun” və “Azərbaycan məhbusları azad olsun” kimi şüarlar yazıb. Azərbaycanlı fəal bölücü şəxslərlə irtibat qurmaq və Güney Azərbaycan Televiziyasına (GünAz TV) görüntülər göndərməkdə də günahlandırılıb.
Səccad Monadinin 1 illik həbs cəzası təsdiqlənib
Bu xəbər oxucular tərəfindən 107 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed