Şrift:
Misirdə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum başa çatıb
23.04.2019 [10:39] - Gündəm, Sosial
Misirdə Konstitusiyaya dəyişikliklərlə bağlı aprelin 20-dən başlayaraq üç gün ərzində keçirilən referendum başa çatıb və səslərin hesablanmasına başlanılıb.

Ölkə vətəndaşları və xaricdə yaşayan misirlilər Nümayəndələr palatası tərəfindən Əsas Qanuna düzəlişləri qəbul etdikdən sonra öz səsvermə hüququndan yararlanıblar. Misirin Milli Seçki Komissiyası rəsmi nəticələri aprelin 27-dək açıqlayacaq və Əsas Qanuna dəyişikliklər bundan dərhal sonra qüvvəyə minəcək.

Milli Seçki Komissiyasının sədr müavini Mahmud əl-Şərif seçicilərin yüksək fəallıq göstərdiyini bildirib.

Komissiyanın qərarına əsasən, vətəndaşlar referendumda düzəliş üçün təklif olunan 12 bəndin hər birinə ayrıca səs veriblər. Referendumda təşkil olunmuş 14 minə yaxın seçki məntəqəsində 61 milyondan çox səsvermə hüququ olan seçicinin iştirakı nəzərdə tutulub. Xaricdə yaşayan misirlilərin aprelin 19-dan 21-dək səsvermədə iştirakının təmin edilməsi üçün 124 ölkədə (Suriyadan, Liviyadan, Yəməndən və Somalidən başqa), 140 diplomatik nümayəndəlikdə seçki məntəqələri təşkil olunub.

Qeyd edək ki, Misirin Əsas Qanununa təklif olunan və keçən həftə parlament tərəfindən təsdiq edilən dəyişikliklərdə prezidentlik müddətinin 4 ildən 6 ilədək uzadılması, Misir parlamentinin yuxarı palatasının (Senatın) yaradılması, dövlət başçısının vitse-prezidentlər təyin etmək hüququnun bərpası nəzərdə tutulur. Bununla yanaşı, qadınların, fəhlələrin, xristianların, gənclərin və məhdud imkanlı insanların parlamentdə təmsil olunması üçün kvotaların ayrılması da nəzərdə tutulur. Konstitusiyaya dəyişiklikdə, həmçinin məhkəmə orqanlarının müstəqilliyi qeyd olunaraq ölkə başçısına hakimləri, o cümlədən Ali Konstitusiya Məhkəməsinin hakimini və baş prokuroru təyin etmək hüququ verilir, məhkəmə orqanlarının Ali Şurasının təsis edilməsi və ordunun rolunun genişləndirilməsi təklif olunur.

Xatırladaq ki, Misirin Əsas Qanununa dəyişiklik referendumda seçicilərin üçdə ikisinin səsi toplandığı təqdirdə qüvvəyə minir.
Bu xəbər oxucular tərəfindən 69 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed