Şrift:
Səhənd Məalinin 10 aylıq həbs cəzası təsdiqlənib
23.04.2019 [11:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Sarab şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Səhənd Məalinin 10 aylıq həbs cəzsə Apelyasiya Məhkəməsi tərəfindən təsdiqlənib.

Məlumata görə, Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 3-cü şöbəsi, Sarab inqilab Məhkəməsinin fəal barəsində çıxardığı 10 aylıq həbs cəzasını olduğu kimi qüvvədə saxlayıb. Azərbaycanlı fəalın “müxalif qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə üzləşdiyi bildirilir.

Apelyasiya Məhkəməsinin çıxardığı hökmdə qeyd olunub ki, müttəhim etiraf etdiyinə və Apelyasiya Məhkəməsinin iclasına gəlmədiyinə görə onun etirazı rədd edilir və həbs qərarı olduğu kimi qüvvədə saxlanılır.

Səhənd Məali ötən il iyul ayında Babək qalası yürüşü ilə əlaqədar təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
“Bildiriş yaymaq yolu ilə sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırılan fəal 300 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdır.

Həmçinin Səhənd Məali, Vəhid Nurməhəmmədi, Məhəmməd Rəncbər və Heydər Müzəyyəni 2018-ci il dekabrın 31-də Sarab şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bu dəfə də “bildiriş yaymaq yolu ilə sistemin əleyhinə təbliğat aparmaq” kimi qondarma ittihamla üzləşən fəal bir neçə gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdır.

Səhənd Məali bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs cəzasına məhkum edilib və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 370 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed