Şrift:
Xoy şəhərində səyyar satıcı bələdiyyə məmurlarının hücumuna məruz qalıb – VİDEO
23.04.2019 [11:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda Bələdiyyə İdarəsi məmurlarının səyyar satıcılar və küçə ticarəti ilə məşğul olanlara qarşı təhqiramiz hərəkətləri və onları döyməsi məsələsi növbəti dəfə sosial şəbəkələrin gündəminə düşüb.

Bu dəfə Xoy şəhərinin küçələrində meyvə satan bir səyyar satıcı Bələdiyyə İdarəsinin “sədd-i məbər” məmurlarının hücumuna məruz qalıb.

Məmurlar satıcıya hücum edərək onun əşyalarını dağıdıb meyvələrini ayaqlar altına atıblar. Onlar satıcının alver etdiyi yerdən uzaqlaşmasını tələb edib.



Bələdiyyə məmurlarının satıcıya qarşı təhqiramiz hərəkəti soydaşlarımızın kəskin etirazı ilə qarşılanıb.

Bu barədə Xoy sakinlərindən biri yazıb: “Bəzi dostlar küçə ticarətinin qadağan olduğunu düşünə bilər, lakin mənim belə bir sualım var: Görəsən qanunsuz yollarla vergidən qaçan zəngin adamlara qarşı da belə tədbir alınır?! Ümumi mülkiyyəti və torpaq sahələrini ələ keçirənlərə qarşı da belə davranış sərgilənir? Mənzillərin ölçüsü, hətta mərtəbələrlə bağlı bilərəkdən yanlışlığa yol verən şirkətlərə qarşı hansı tədbir alınır?! Ölkənin valyutasını qaytarmayan cənab Əsgər Övladinin də var-dövlətini belə alt-üst edirlər?! və s.”

Soydaşımız sözlərinin davamında vurğulayıb ki, Bələdiyyənin başçısı və digər məsullarına xəbərdarlıq edirik ki, birinci özləri davranış qaydasını öyrənsin, sonra da “sədd-i məbər” məmurlarına öyrətsinlər. Şəhər quldurluq və hay-küy salmaq yeri deyil.

Qeyd edək ki, Güney Azərbaycanda səyyar satıcılıq kimi zəif peşələrə üz tutanların sayı getdikcə artır. Buna səbəb dövlət büdcəsinin əyalətlər arasında ədalətsiz şəkildə paylanılması, bölgəyə sərmayə yatırılmaması, istehsal və sənaye müəssisələrinin maliyyə problemlərindən dolayı bağlanılması və s. kimi amillərin nəticəsində ortaya çıxan işsizlik problemidir. Bəzi soydaşlarımız isə işsizlikdən dolayı doğma şəhər və kəndlərini tərk edərək İranın digər bölgələrinə köçməyə məcbur olur, onların bir çoxu getdikləri şəhərlərdə səyyar satıcılıq kimi zəif işlərlə məşğul olurlar.

Bundan əvvəl onlarla azərbaycanlı satıcı, Təbriz, Zəncan, Urmiyə, Qoşaçay, Xoy, Aslanduz, Qum və s. kimi şəhərlərdə Bələdiyyə İdarəsinin məmurları tərəfindən vəhşicəsinə döyülərək iş yerindən uzaqlaşdırılıb. Belə faktlara Azərbaycanın bütün şəhərlərində tez-tez rast gəlinir.
Bu xəbər oxucular tərəfindən 420 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed