Şrift:
TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli komissiya və komitələrinin 7-ci görüşü keçirilib
24.04.2019 [11:51] - Mədəniyyət
Qırğız Respublikasının Oş şəhərində TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli komissiya və komitələrinin 7-ci görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu görüşün türk dünyası ölkələri arasında mövcud olan həmrəylik və əməkdaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdıran E.Sultanov ortaq türk mirasının YUNESKO-da təşviq edilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra baş katib Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müvafiq Sərəncamı ilə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” və bu proses çərçivəsində bu il mayın 2-3-də keçiriləcək V Mədəniyyətlərarası Dialoq Forumu barədə danışıb. E.Sultanov Azərbaycan Respublikası və YUNESKO arasında əlaqələrin inkişafında, mədəni irs nümunələrimizin dünyada təbliği, qorunması və gələcək nəsillərə ötürülməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini vurğulayıb.

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında ölkəmizə qarşı mədəni təmizləmə siyasətinin həyata keçirildiyini bildirən E.Sultanov Ermənistan tərəfindən məhv edilmiş mədəni irsimizin həm də türk dünyasının ortaq mirası olduğunu diqqətə çatdırıb və bu məsələnin YUNESKO-da gündəmə gətirilməsində TÜRKSOY-a üzv dövlətlərin dəstəyinin vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, Oş şəhərinin 2019-cu il türk dünyasının mədəni paytaxtı elan edilməsi münasibətilə keçirilən təntənəli tədbirlərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndə heyəti iştirak edib.
Bu xəbər oxucular tərəfindən 456 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed