Şrift:
Xeyriyyəçi soydaşlarımız 312 məktəb tikib – Ərdəbil Əyalətində
25.04.2019 [11:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın bütün bölgələrində dərs otaqları çatışmazlığı və məktəb binalarının təhlükəli vəziyyətdə olması təhsil sahəsində böyük problemə çevrilib.

Bu məsələ bəzi bölgələrdə, o cümlədən Ərdəbil Əyalətinin müəyyən məntəqələrində qismən də olsa öz həllini tapıb. Bu, xeyriyyəçilik missiyası əsasında inşa edilən və edilməkdə olan yeni məktəblərin sayəsində mümkün olub.

Bu istiqamətdə xeyriyyəçi soydaşlarımız Ərdəbil Əyalətində ciddi addımlar atıb. Bu barədə Ərdəbil Əyaləti Xeyriyyəçilər Dərnəyinin icraçı direktoru Əli Məkaremi Niya və Ərdəbil Əyaləti Məktəblərinin İnkişaf, Yenidənqurma və Təchiz edilmə işləri üzrə təşkilatın rəisi Dövlət Lütfi məlumat verib. Onlar aprelin 23-də Parsabadın məktəb tikən xeyriyyəçilərinin keçirdiyi festivalda çıxış edərkən bu məsələyə toxunublar.

“Parsabad şəhəri əhali artımı baxımından əyalətdə ikinci şəhərdir. Ona görə də bu şəhərdə yeni məktəblərə ehtiyac çoxdur. Hazırda Parsabad təhsil ocaqları çatışmazlığı baxımından böhran vəziyyətindədir. Ona görə də xeyriyyəçilərin yardımı olmadan bu vəziyyətdən çıxmaq mümkün deyil. Hesab eliyirəm ki, bu kimi problemləri həll etmək üçün xeyriyyəçilik ənənəsi daha çox təbliğ olunmalıdır.”- deyə Əli Məkaremi Niya bildirib.

Ərdəbil Əyaləti Məktəblərinin İnkişaf, Yenidənqurma və Təchiz edilmə işləri üzrə təşkilatın rəisi də Parsabadda məktəb probleminin xeyriyyəçilərin yardımı ilə çözüləcəyinə ümid etdiyini bildirib.

Dövlət Lütfi Ərdəbil Əyaləti Xeyriyyəçilər Dərnəyinin fəaliyyətini yüksək qiymətləndirərək əyalətdə bu günədək 1539 dərs otağından ibarət olan 382 məktəbin xeyriyyəçilər tərəfindən tikilərək Təhsil Şöbəsinə təhvil verildiyini bildirib.

Son illərdə Azərbaycan əyalətlərində təhsil ocaqlarının əsas problemləri demək olar ki, bölgədə xeyriyyəçilik ənənəsini yaşadan soydaşlarımız tərəfindən çözülür. Yerli məsullar dəfələrlə açıqlama verərək sözügedən problemi aradan qaldırmaq üçün dövlət tərəfindən hər hansı büdcə vəsaiti gözləmədiklərini diqqətə çatdırıblar.

N.S
Bu xəbər oxucular tərəfindən 38 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed