Şrift:
Ermənilərin planlaşdırdığı anti-türk yığıncağa qarşı etiraz edənlər saxlanılıb – Tehranda
25.04.2019 [11:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Aprelin 24-də Tehranda ermənilərin Türkiyə əleyhinə planlaşdırdığı yığıncağa qarşı etiraz edənlərdən bir neçəsi polis tərəfindən saxlanılıb.

Şahidlərin dediyinə görə, “Kərimxan Zənd” xiyabanında toplaşan azərbaycanlılardan ən azı 10 nəfər yaxalanaraq naməlum istiqamətə aparılıb. Saxlanılanlardan Kərimulla Nurbəxş, Nasir Məhdəvi, Bayram Mahmudi, Əsğər Cəfəri, Rza Ağayi, Əli Ağayi, Əli İbrahimi və Söhrab Cəlilzadənin kimliyi müəyyən edilib.

Azərbaycan Milli Hərəkat fəallarının ayıq-sayıqlığı və vaxtı-vaxtında keçirdiyi etirazlar nəticəsində ötən illərdən fərqli olaraq bu il aprelin 24-də ermənilər Türkiyə səfirliyi qarşısında yığıncaq keçirə bilməyib.

Azərbaycanlı fəallar gözlənilən aksiyanın qarşısını almaq məqsədi ilə aprelin 3-dən imzatoplama kampaniyası keçirərək planlaşdırılan yığıncağın icazəsinin ləğv olunmasını tələb ediblər. Kampaniyaya qoşulanlar arasında Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur və Urmiyə Şəhər Şurasının üzvü Murtaza Piri də olub. Toplanan imzalar kampaniya təşkilatçıları tərəfindən İranın daxili işlər naziri və Tehran Valiliyinə təqdim olunmuşdur.

Azərbaycanlıların xəbərdarlığı nəticəsində Türkiyənin Tehrandakı səfirliyi qarşısında ermənilərin aksiya keçirməsinə icazə verilməsə də onlar Sarkis kilsəsinə toplaşıb, kilsənin divarlarından yazılı bannerlər asaraq qondarma erməni soyqırımını anıblar.

Xatırladaq ki, 1915-ci il hadisələrini sözdə soyqırım kimi qəbul edən ermənilər hər il aprelin 24-də Türkiyənin Tehrandakı səfirliyi qarşısında geniş etiraz aksiyası keçirir. Qondarma soyqırım bəhanəsi ilə “Türkiyəyə ölüm”, “türkə ölüm” və s. kimi şüarlar səsləndirən ermənilər İranın rəsmi icazəsi ilə türklərə qarşı belə bir hərəkətə əl atır. Bu o halda baş verir ki, İran rejimi azərbaycanlılara Dağlıq Qarabağla bağlı hər hansı tədbir keçirməyə heç bir şəkildə icazə vermir.

N.S
Bu xəbər oxucular tərəfindən 307 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed