Şrift:
Hepatit C əleyhinə yeni preparat hazırlanıb
23.10.2011 [12:19] - Sağlıq
Ural alimləri bir ay ərzində hepatit C xəstəliyini tam müalicə etməyə qadir olan innovasion preparat hazırlayıblar. Bu barədə İTAR-TASS xəbər verir.

Dərmanı hazırlayanlardan biri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Sergey Radionov məlumat verib ki, onun hazırlanmasına 1987-ci ildən başlanılıb. Preparat artıq patentləşdirilib və 2012-ci ildən satışa buraxılacaq.

"Dünyada bu preparatın analoqu yoxdur. O, virusun yerləşdiyi hüceyrəyə nüfuz edərək onu qandan yuyub çıxaran nadir maddə olan alfa-fetoproteinə əsaslanır. Daha sonra virus əleyhinə preparatlar virusun hüceyrəsini tamamilə məhv edir. Nəticədə xəstə heç bir fəsad olmadan və bir ay ərzində tamamilə sağalır", - Radionov jurnalistlərə bildirib.

Alimin sözlərinə görə, mövcud preparatlar azeffektivdir, ona görə də onlar virusun yerləşdiyi hüceyrəyə nüfuz edə bilmirlər. Belə dərmanlarla hepatit C-nin bir kurs müalicəsi bir il çəkir.

Yeni preparat sayəsində hepatit C-nin müalicəsinin müddəti 12, dəyəri isə 15 dəfə azalır. Eyni zamanda xəstə bu təhlükəli xəstəlikdən tam müalicə olunur. Kliniki sınaqlar zamanı testdən keçirilən adamlardan bir neçəsi hepatitlə yanaşı, İİV-ə yoluxmuş şəxslər olublar. "Müalicə kursu bitdikdən sonra qanda immun çatışmazlığı virusu aşkar edilməyib", - alim deyib.

Bu dərmanın əsasını təşkil edən alfa-fetoprotein maddəsi vasitəsilə onkoloji xəstəliklərin effektiv müalicəsi üçün yeni dərmanın hazırlanması da mümkündür.

Xatırladaq ki, bu ilin yazında məlum olub ki, yaxın illərdə ABŞ-da hepatit C əleyhinə yeni, inqilabi preparat meydana çıxa bilər. İlkin məlumatlara görə, bu dərmanla qısa vaxt ərzində böyük sayda pasiyenti müalicə etmək mümkündür. Onun yaradılması hepatit C virusunun müalicəsi üçün daha yaxşı dərmanın hazırlanması istiqamətində aparılan 15 illik tədqiqatların kuliminasiya nöqtəsi olub. Qeyd edək ki, dünyada 170 milyona yaxın insan hepatit C virusundan əziyyət çəkir.

Hepatit C qan vasitəsilə keçən, qaraciyərin sirrozuna və xərçənginə gətirib çıxaran xəstəlikdir. Virus adətən iynə vasitəsilə keçir. Nadir hallarda isə cinsi yolla da keçə bilir. Xəstəlik tez-tez qanunsuz ineksiyaların, o cümlədən narkotiklərin istifadəsi ilə assosiasiya edilir.

Hepatit C virusuna yoluxmuş şəxslər bundan uzun müddət xəbərsiz ola bilərlər. Xəstəliyin mövcudluğu o zaman məlum olur ki, artıq qaraciyərə düzəldilməsi mümkün olmayan zərər dəyir. Ona görə də hepatit C qaraciyər köçürülməsinin əsas səbəbidir.
Bu xəbər oxucular tərəfindən 723 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed