Şrift:
Əhər-Meşginşəhr yolunda dəhşətli yol qəzası: 4 ölü, 3 yaralı
27.04.2019 [10:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər.

Bu dəfə dəhşətli yol qəzası Əhər-Meşginşəhr yolunda baş verib.

Şərqi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin sözçüsü Vəhid Şadi Niya baş verən hadisənin təfərrüatı barədə “Fars” xəbər agentliyinə danışıb. “Cümə axşamı günü yerli vaxtla saat 16 radələrində Əhər-Meşginşəhr yolunda, Qaraburun kəndi yaxınlığında “Peykan” və “Nissan” markalı minik avtomobilləri toqquşub, hadisə nəticəsində 4 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.”- deyə o bildirib.

Vəhid Şadi Niyanın sözlərinə görə, qəzada xəsarət alanlar Təbrizin İmam Rza xəstəxanasına çatdırılıb.

Yol qəzasında həlak olanların adlarını açıqlamayan Təcili Tibbi Yardım Mərkəzinin sözçüsü baş verən hadisədə 35 yaşlı qadın, 32 yaşlı kişi və 10 yaşlı uşağın öldüyünü bildirib.

Qeyd edək ki, ekspertlər yolların qeyri-standard olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini Güney Azərbaycanda baş verən yol qəzalarının əsas səbəbi kimi göstərir.
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed