Şrift:
Rəhim Qulami azadlığa buraxılıb, çox sayda fəal onun görüşünə gedib – VİDEO
30.04.2019 [10:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal, yazıçı və şair Rəhim Qulami 50 milyon tümənlik mülki vəsiqə qarşılığında Ərdəbil zindanından azadlığa buraxılıb.

Məhkəmə tərəfindən vəsiqə qərarı çıxarılmasına baxmayaraq təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə martın 4-dən zindanda saxlanılan fəal aprelin 28-də müvəqqəti olaraq sərbəst buraxılıb.
Fəal azad edildikdən sonra çox sayda milli-mədəni fəal evinə gedərək onu təntənə ilə qarşılayıblar.

Görüşdə Rəhim Qulami, Əli Xeyrcu, Möhsün İsməili və Həbib Nigəhban çıxış edib, musiqiçi fəal Səccad İbrahimi isə bir Azərbaycan mahnısı ifa edib. Görüş Azərbaycan milli marşının birlikdə oxunması ilə yekunlaşıb.



Azərbaycanlı fəal saxlandıqdan bir neçə gün sonra Ərdəbil prokurorluğunda keçirilən iclasa qatılaraq irəli sürülən ittihamlarla bağlı sonuncu dəfə özünü müdafiə edib. İclasda fəalın sistemin əleyhinə təbliğat aparmaq və rəhbəri təhqir etməkdə ittiham olunduğu məlum olub. Həmin iclasda onun barəsində 50 milyon tümənlik mülki vəsiqə qərarı da çıxarılıb, lakin təqdim olunan vəsiqə təhlükəsizlik qüvvələrinin təzyiri ilə uzun müddət qəbul olunmurdu.

Xəbər verdiyimiz kimi, ötən həftə ağır cinayətlərə görə Ərdəbil zindanında saxlanılan məhbuslar həbsxana məsullarının göstərişi və təhrik ilə azərbaycanlı fəala hücum edib, ona qarşı təhqiramiz ifadələr işlətmişdir.

Şair, araşdırmaçı və yazıçı olan Rəhim Qulami Azərbaycanın tanınmış milli-mədəni fəallarından biridir. O mədəni fəaliyyətlərinə görə, bu günə qədər dəfələrlə saxlanılıb, həbs edilib, müxtəlif işgəncə və təzyiqlərə məruz qalıb. Azərbaycanın qələm əhli fəalın son saxlanmasını topladığı, lakin hələ nəşr etdirmədiyi türkcə Lüğət əsəri ilə əlaqədar olduğunu düşünür.
Rəhim Qulami “Yaylıq” nəşr evi tərəfindən çap olunan “Folklorumuzdan bir yarpaq”, “Atalar sözü” və “Folklor nağılları” kitablarının müəllifidir.
Bu xəbər oxucular tərəfindən 64 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed