Şrift:
“Qəbələ” klubu Azərbaycan kubokunun ilk finalçısıdır
02.05.2019 [10:50] - İdman
Mayın 1-də futbol üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçirilib.

Mərhələnin ilk cavab matçında “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Qəbələ”ni qəbul edib. Görüşə fəal başlayan “Qarabağ” klubu 37-ci dəqiqədə hesabı açıb. Markos Madera vurduğu baxımlı qolla meydan sahiblərini hesabda önə çıxarıb. Birinci hissə “Qarabağ”ın minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.

İkinci hissənin 57-ci dəqiqəsində Dani Kintana yenidən qonaqları oyuna mərkəzdən başlamağa məcbur edib. Lakin Qəbələ təmsilçisinin hücumçusu Davit Volkov 81-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb və bu, oyunda vurulan sonuncu qol olub.

Beləliklə, görüş “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında keçirilən ilk görüşdə “Qəbələ” 1:0 hesabı ilə qalib gəlib. İki oyunun nəticəsinə görə, “Qəbələ” Azərbaycan kuboku yarışlarının final mərhələsinə vəsiqə qazanıb.

Mərhələnin digər cavab görüşü isə Zirədə baş tutacaq. “Zirə” öz meydanında “Sumqayıt” klubunu qəbul edəcək. Xatırladaq ki, Sumqayıtda keçirilən ilk oyun qolsuz heç-heçə ilə başa çatıb.
Bu xəbər oxucular tərəfindən 377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed