Şrift:
“Valensiya” “Arsenal”a məğlub olub,“Çelsi” isə “Ayntraxt”la heç-heçə edib
03.05.2019 [10:08] - Gündəm, İdman
Mayın 2-də futbol üzrə UEFA Avropa Liqasının yarımfinal görüşləri keçirilib.

İngiltərənin “Arsenal” klubu doğma azarkeşlər önündə İspaniyanın “Valensiya” komandasını qəbul edib.

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Topçular”ın heyətində Aleksander Lakazzete (18, 26) və Pyer-Emerik Obameyanq (90) fərqləniblər. “Valensiya”nın təsəlli qolunu Mouçtar Diakhabi (11) vurub.

“Qarabağ”la birgə “E” qrupunda yer almış baş məşqçi Unay Emerinin komandası yarımfinala qədər Belarusun BATE (0:1, 3:0), Fransanın “Renn” (1:3, 3:0) və İtaliyanın “Napoli” (1:0, 2:0) kollektivlərindən güclü olub.

Yarımfinalçılar arasında cari Avrokubok mövsümündə çıxışına Çempionlar Liqasından başlayan yeganə komanda - “Valensiya” isə yarımfinala kimi Şotlandiyanın “Seltik” (2:0, 1:0), Rusiyanın “Krasnodar” (2:1, 1:1) və İspaniyanın “Vilyareal” (3:1, 2:0) komandalarını mübarizədən kənarlaşdırıb.

Mərhələnin digər oyunu Frankfurtda baş tutub. “Ayntrax” İngiltərənin “Çelsi” komandasını qəbul edib. Oyunda qalib müəyyənləşməyib - 1:1.

Qrup mərhələsində maksimum nəticə göstərən Frankfurt klubu yarımfinala qədər cəmi bir oyunda məğlub olub. Adolf Hütterin rəhbərlik etdiyi kollektiv Portuqaliyada baş tutmuş dörddəbir finalın ilk görüşündə “Benfika”ya uduzub - 2:4. Bu komanda doğma meydanda 2 cavabsız qolla növbəti mərhələyə çıxıb. Bundan başqa, “Ayntraxt” onaltıdabir finalda Ukraynanın “Şaxtyor” klubunu (2:2, 4:1), ardınca isə İtaliyanın “İnter” komandasını (0:0, 1:0) mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, bu komandaların arasında cavab qarşılaşması mayın 9-da olacaq.

UEFA Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 60 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed