Şrift:
“Dünya Azərbaycana ədalətsiz yanaşır” - İSESCO-nun Baş direktoru
03.05.2019 [10:13] - Gündəm, Siyasət
"Bizim hamımıza məlum olan reallıq ondan ibarətdir ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistanın işğalı altındadır. Bu da beynəlxalq hüququn pozulmasıdır. BMT-nin Təhlükəsizlik Şurasının bununla bağlı qətnamələri var. Azərbaycan sülh, dialoq və qarşılıqlı hörmətə, yanaşmaya əsaslanan ölkədir. Dünya Azərbaycana yardım etmir, dünya Azərbaycana ədalətsiz yanaşır. Ancaq bu torpaqlar yenidən Azərbaycana qovuşmalıdır. Bu, sülhə aparan yoldur, bu, dialoqun uğurlu olmasına aparan yoldur”. Bunu ISESCO-nun Baş direktoru Əbdüləziz Osman Əl-Tuveycri Bakıda keçirilən "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında bildirib.

İSESCO-nun Baş direktoru rəhbərlik etdiyi qurumun Azərbaycanın təşviq etdiyi dəyərlərə tərəfdar olduğunu vurğulayaraq bildirib: "Azərbaycana gəldikdə, ISESCO lap əvvəlcədən Azərbaycanın bu dialoq, hörmət dəyərlərinə tərəfdar çıxıb. Biz öz müxtəlifliyimizi qorumalıyıq, ona hörmətlə yanaşmalıyıq, insanlarımızı qorumalıyıq, dini dəyərlərə sadiq olmalıyıq. Biz bütün bunlara hörmətlə yanaşmalıyıq. Tolerantlıq o deməkdir ki, biz digər düşüncəyə, digər dəyərlərə malik olan insanı qəbul etməliyik. Bu, o deməkdir ki, onlara da hörmətlə yanaşmalıyıq. İstərdik ki, həmçinin bu yanaşma bizə münasibətdə də olsun. Bu, təhlükəsizliyə aparan yeganə yoldur. Bununla əsl dialoq olur, mənalı dialoq olur və zorakı münaqişələrin qarşısı bununla alınır".

Əbdüləziz Osman əl-Tuveycri deyib ki, İslam sülh və mərhəmət dinidir. Sonda Baş direktor tədbirin təşkilinə görə bir daha prezident İlham Əliyevə minnətdarlığını bildirərək deyib: "Mən cənab Prezident, Sizə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bütün iştirakçılar öz ölkələrinə qayıtdıqdan sonra burada aparılan müzakirələrdən nəticə çıxaracaqlar, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsində və ərazi bütövlüyünün bərpa olunmasında ölkənizə dəstək verəcəklər. Arzu edirəm ki, Allahın iradəsi ilə bütün dünyada sülh və rifah bərqərar olunsun".
Bu xəbər oxucular tərəfindən 353 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed