Şrift:
“Onlar təbiətimizi məhv edir, mədənlərimizi talayırlar”
03.05.2019 [10:32] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Ermənilərin bu cinayəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır, amma...”

Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji cinayətlər cəmiyyətimizi narahat edən başlıca problemlərdən biridir. Bəs düşmənin bu cinayətləri beynəlxalq aləmdə yetərincə ifşa edilirmi?

Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev bu istiqamətdə ölkəmizin əhəmiyyətli işlər gördüyünü vurğuladı:

“Azərbaycan Ermənistanın ekoloji zəmindəki cinayətlərinin ifşası istiqamətində fəaliyyət göstərir və bundan sonra da fəaliyyət göstərməkdə davam edəcək. Mən özüm bir neçə dəfə Moldovada Metsamor AES-in fəaliyyəti ilə bağlı byenəlxalq tədbirlərdə məruzəçi olmuşam.

Bizim parlament qruplarımız müxtəlif tribunalarda ermənilərin ekoloji zəmindəki cinayətləri ilə bağlı məsələləri gündəmə gətiriblər.

İşğal edilmiş torpaqlarımızda meşələrin, nadir ağaclaırn qırılması, habelə bu ərazilərdə nüvə tullantılarının basdırılması kimi məsələlər dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Zənimcə, bu məsələdə boşluq yoxdur.

Ermənistan 400 milyarddan çox bizə maddi ziyan vurub. Prezident İlham Əliyev vaxtiylə parlamentdə Avropa Şurasının Azərbaycan nümayəndə heyətinin rəhbəri olduğu müddətdə bu yöndə müvafiq göstərişlər verib. Bu gün də ölkə başçısı Ermənistanın ekoloji müstəvidəki cinayətlərinin ifşası istiqamətində iş aparır.

Hesab edirəm ki, bu məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla yanaşı, özümüzdən asılı olan bütün addımları atmalıyıq. Əgər beynəlxalq aləm bu yöndə hər hansı bir addım atmırsa, o zaman biz özümüz ekologiyamızı məhv edən, oradakı mədənlərin istismarında Ermənistana yardım göstərən dövlətlərə qarşı imkanlarımız çərçivəsində addımlar atmalıyıq”.

Seymur ƏLİYEV
Bu xəbər oxucular tərəfindən 135 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed