Şrift:
“Traxtur”-“Perspolis” görüşündən sonra azərbaycanlı fəalların təqib və təhdid edilməsi davam edir
06.05.2019 [11:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, mayın 1-də Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” və Tehranın “Perspolis” komandaları arasında görüş keçirilib. Bu görüş də təhlükəsizlik qüvvələrinin kobud müdaxiləsi olmadan ötüşməyib.

Aradan bir neçə gün keçməsinə baxmayaraq azərbaycanlı fəallara qarşı təhdidlər davam edir. Etibarlı bir mənbədən aldığımız məlumata görə, görüşdə tamaşaçı qismində iştirak edən fəalların kimliyi mobil telefonlarının vasitəsi ilə müəyyənləşdirilib. Bundan sonra onlara avtomatik şəkildə zəng edilir. Məlumata görə, zəng edilərkən hansısa mesaj və ya söz səsləndirmir. Zənglər yalnız fəalları qorxutmaq və onlara xəbərdarlıq etmək məqsədi güdür.

Xatırladaq ki, “Traxtur”-“Perspolis” görüşünə bir neçə gün qalmış çox sayda azərbaycanlı fəal və “Traxtur” tərəfdarına zəng edilərək onlara stadiona getməklə bağlı xəbərdarlıq edilmişdir. Hətta bəzi fəallar bununla əlaqədar təhlükəsizlik orqanlarına çağırılaraq saxlanmaqla hədələnmişdir.

Görüşün keçirildiyi gün isə “Traxtur” tərəfdarlarını daşıyan avtobuslar Zəncan, Miyana, Urmiyə və Qəzvində durdurulub. Təhlükəsizlik qüvvələri sərnişinləri endirərək onların hərəkətinə mane olmuşdur. Buna baxmayaraq görüşdə 70 min “Traxtur” tərəfdarı tamaşaçı qismində iştirak edib doğma komandaya dəstək nümayiş etdirmişdir.

Oyun bitdikdən sonra onlarla soydaşımız təhlükəsizlik qüvvələri tərəfindən saxlandı, lakin Aşan Sadiqi, Əsgər Fərəci, Şahin Bərzgər, Əkbər Mühacir və Tohid Nubəhari istisna olmaqla digərlərinin kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Tutulanların bəziləri bir neçə saat sonra azadlığa buraxılsa da bir çox komanda tərəfdarının vəziyyəti haqda heç bir məlumat yoxdur.

N.S
Bu xəbər oxucular tərəfindən 340 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed