Şrift:
Bakıda Türk Şurasının media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun VII toplantısı keçirilib
07.05.2019 [09:54] - Xəbərlər, Türk dünyası-Turan
Mayın 6-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun VII toplantısı keçirilib.

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşları, Türk Şurası katibliyinin rəhbərliyi, üzv dövlətlərin – Azərbaycanın, Türkiyənin, Qazaxıstanın və Qırğızıstanın informasiya və media üzrə rəsmiləri, milli ictimai televiziya kanallarının, AZƏRTAC, Anadolu, Kazinform, Kabar milli informasiya agentliklərinin məsul şəxsləri iştirak ediblər.

İşçi qrupunun toplantısında VI iclasdan sonrakı dövrdə görülən işlər, Türk Şurasının üzv dövlətləri arasında media və informasiya sahəsində əməkdaşlığın inkişafı, türk xalqlarının tarixi və mədəniyyəti barədə videofilmlərin və cizgi filmlərinin hazırlanması, milli ictimai televiziya kanallarının nümayəndələrindən ibarət əlaqələndirici qrupun yaradılması, çoxtərəfli texniki əməkdaşlıq protokolu layihəsinin tərtib olunması, beynəlxalq media forumlarında Türk Şurasının iştirakı, media ekspertləri üçün proqram mübadiləsi və təlim kurslarının təşkili, nazirlərin toplantısının gündəliyinin layihəsi, işçi qrupunun növbəti iclasının vaxtı və digər məsələlər müzakirə edilib.

Toplantını Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini Ömər Kocaman açaraq müzakirə olunan məsələlər barədə məlumat verib.

Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini Murad Hüseynov bildirib ki, operativ xəbər və videomübadilələrin həyata keçirilməsi üçün texniki baxımdan mükəmməl şəbəkə qurulmalıdır. O əlavə edib ki, İctimai Televiziya Avropa Yayımları Birliyi ilə bu şəkildə rahat əməkdaşlıq edir. M.Hüseynov Şuraya üzv ölkələrin televiziyalarının səhər verilişlərinə canlı yayımla qoşulması təşəbbüsü ilə çıxış edib. Təklif Şura üzvləri tərəfindən müsbət qarşılanıb.

Ömər Kocaman səslənən təkliflərin reallaşdırılması istiqamətində işlərin aparılmasının zəruri olduğunu deyib. O, həmçinin təklif edib ki, iyunda Şuranın növbəti iclası keçirilsin.

“TRT AVAZ” telekanalının əlaqələndiricisi Sedat Sağırkaya Azərbaycanda və Orta Asiya ölkələrindəki telekanallarla əməkdaşlıq həyata keçirdiklərini, bu əməkdaşlığın yüksək səviyyədə davam etdiriləcəyini vurğulayıb. O əlavə edib ki, türkdilli ölkələrin televiziya kanalları ilə müzakirələr davam etdirilir. Hər bir kanalın tövsiyələri nəzərə alınır, çəkilən sənədli filmlərin mübadiləsi aparılır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, tərəflərin bir-biriləri ilə əməkdaşlıq şəraitində çalışmaları üçün çoxtərəfli müzakirələr platforması yaradılmalıdır. Bunun üçün katiblikdən və üzv ölkələrdən məsul şəxslər təyin olunmalıdır.

Ömər Kocaman qeyd edib ki, Şura bunun üçün ortaq virtual şəbəkə yaratmaqla bağlı qərara gəlib. İyunda keçiriləcək toplantıda bununla əlaqədar qərarların reallaşdırılması istiqamətində müzakirə aparılacaq.

Daha sonra Türk Şurasına üzv dövlətlərin tarixi və mədəniyyəti barədə filmlərin, serialların və videomaterialların hazırlanması məsələsi müzakirə olunub. Bundan başqa, türk dünyasının 100 böyük şəxsiyyəti ilə bağlı sənədli filmlərin hazırlanması barədə təklif irəli sürülüb.

Sedat Sağırkaya qeyd edib ki, “TRT AVAZ” artıq bu işə start verib. Azərbaycandan və Orta Asiyadan olan tarixi şəxsiyyətlərlə bağlı filmlər hazırlanıb. Lakin bu işin sürətləndirilməsi üçün digər türkdilli dövlətlərin əməkdaşlığına ehtiyac var.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov qeyd edib ki, türk dünyasının ortaq layihəsinə özəl televiziyaları və agentlikləri də cəlb etmək olar. Bundan başqa, o bildirib ki, TRT-nin yayımladığı tarixi seriallara digər türkdilli ölkələrdən də aktyorların cəlb edilməsi yaxşı olar. Bəhruz Həsənov, həmçinin əlavə edib ki, ortaq xəbər sistemi yaratmaq üçün Şuraya üzv ölkələrin jurnalistlərinin birgə bakalavr və magistratura üzrə təhsil almalarına şərait yaradılmalıdır.

Toplantının ikinci sessiyası müzakirələrlə və təkliflərin səsləndirilməsi ilə davam edib.

Ortaq türk televiziya kanalı ilə bağlı müzakirələr zamanı onun “TRT AVAZ”ın bazasında yaradılması təklifi irəli sürülüb. Qazaxıstan nümayəndə heyəti sabiq Prezident Nursultan Nazarbayevin “Böyük Çölün yeddi özəlliyi” adlı məqaləsi ilə bağlı sənədli filmin çəkilməsi təklifi ilə çıxış edib.

Daha sonra Türk Şurası xəbər agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

AZƏRTAC-ın İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov çıxış edərək deyib ki, təmsil etdiyi agentlik türkdilli dövlətlərin informasiya agentlikləri ilə sıx əməkdaşlıq edir. AZƏRTAC-ın hazırda sədrlik etdiyi Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) və digər regional media qurumları çərçivəsində də türkdilli dövlətlərin agentlikləri ilə əməkdaşlıq həyata keçirdiyini vurğulayan İdarə Heyətinin sədr müavini bir sıra təkliflər səsləndirib. Qeyd edib ki, daha asan və texniki baxımdan az resurs tələb edən “informer” üsulundan istifadə etmək faydalı olar. Məsələn, Türk Şurasının turkicmedia.org saytını üzv agentliklər “informer” vasitəsilə öz oxucularına yönəldə bilər. Bu, vahid mənbənin xəbərlərini yaymağa və pərakəndəliyin qarşısını almağa kömək olar. AZƏRTAC-ın İdarə Heyətinin sədr müavini deyib ki, bu gün multimedia sahəsi üzrə jurnalistlərin hazırlanmasına ehtiyac var. Bunun üçün müvafiq proqramlar hazırlanmalıdır. Bu işdə Türk Şurası mühüm rol oynaya bilər.

KAZİNFORM agentliyinin şef redaktoru Bakıtjan Yerbasov da təmsil etdiyi qurumun türkdilli dövlətlərin xəbər agentlikləri ilə əməkdaşlıq həyata keçirdiyini bildirib. O, Şuranın ortaq xəbər blokunun gücləndirilməsi təklifi ilə çıxış edib.

Anadolu Agentliyinin İdarə Heyətinin üzvü Əli Türker Pirtini bildirib ki, təmsil etdiyi qurum türkdilli dövlətlərin agentlikləri ilə əməkdaşlığa böyük önəm verir. Agentliyin təşkil etdiyi akademiyada Azərbaycandan, Qazaxıstandan, Qırğızıstandan və digər dövlətlərdən olan mətbuat nümayəndələri kurs keçiblər.

Agentliyin Bakı bürosunun rəhbəri Tolqa Özgənc AZƏRTAC-ın rəhbərlik etdiyi OANA-nın saytında türkdilli ölkələrlə bağlı xəbərlərin paylaşılmasının önəmini qeyd edib.

Sonda “TRT AVAZ”ın Türk Şurasına üzv ölkələrin tarixi və mədəniyyəti ilə bağlı hazırladığı videoçarx nümayiş olunub.

Qeyd edək ki, Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərin mayın 7-də keçiriləcək iki sessiyadan ibarət toplantısında isə ikitərəfli görüşlər təşkil olunacaq, gündəlikdə duran məsələlər və işçi qrupunun toplantısının yekunları müzakirə ediləcək, milli ictimai televiziya kanalları arasında çoxtərəfli texniki əməkdaşlıq protokolunun imzalanması mərasimi olacaq.
Bu xəbər oxucular tərəfindən 127 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed