Şrift:
Azərbaycanda məhkəmə-hüquq islahatları ilə bağlı konfrans keçirilib
07.05.2019 [09:55] - Hüquq
Mayın 6-da “Azərbaycanda məhkəmə-hüquq islahatları: Azərbaycanda Amerika Ticarət Palatası ilə ictimai müzakirələr” mövzusunda konfrans keçirilib.

Tədbir Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn məsələlərin ictimai müzakirəsi məqsədilə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) ilə birgə təşkil olunub. Konfransda Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev, Ədliyyə nazirinin müavini Azər Cəfərov, müxtəlif biznes sahələrinin 150-dən çox təmsilçisi və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

AmCham-ın icraçı direktoru Natəvan Məmmədova və prezidenti Nuran Kərimov tədbirin keçirilməsinin məqsədi və aparılan islahatların ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyəti barədə danışıblar. Qeyd edilib ki, konfrans hüquq sahəsində aparılan islahatların biznes ictimaiyyətinin fəaliyyətinə təsirlərinin, özəl sektorun bu istiqamətdə rəy və təkliflərinin nəzərə alınması üçün təşkil olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov çıxışında vurğulayıb ki, Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlarla bağlı imzaladığı Fərman bu sahədə mühüm dəyişikliklərin həyata keçirilməsini nəzərdə tutur. Odur ki, həm cəmiyyət, həm də biznes ictimaiyyətinin bu islahatların müzakirəsində iştirakı əhəmiyyətlidir. Hazırkı konfrans və bu qəbildən olan digər silsilə tədbirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə keçirilir və bütün ölkə üçün əhəmiyyət kəsb edən məhkəmə-hüquq islahatlarının reallaşmasına ictimaiyyətin cəlb edilməsi məqsədi daşıyır.

Hüquq və iqtisadiyyatın qarşılıqlı əlaqədə fəaliyyət göstərdiyini qeyd edən Gündüz Kərimov idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsinin Azərbaycanda iqtisadi inkişafa təkan verdiyini, ölkəmizin iqtisadi müstəqilliyinin, iqtisadi-sosial gücünün möhkəmlənməsində özünəməxsus rol oynadığını deyib.

“Prezidentin Fərmanında dövlət orqanlarına, qurumlarına və təşkilatlarına məhkəmə-hüquq sisteminin müxtəlif sahələri üzrə tapşırıq və tövsiyələr verilib. Fərmanda göstərilmiş müddətlərdə bu orqan və qurumlar həmin tapşırıqların icrası məqsədilə qanunların və digər normativ hüquqi aktların layihələrini hazırlayıb Prezident Administrasiyasına təqdim etməlidirlər. Bu konfransın keçirilməsinin əsas məqsədlərdən biri də bu qurumlar tərəfindən təqdim ediləcək layihələrə baxılarkən biznes və hüquq ictimaiyyətinin islahatlara aid əsaslandırılmış, rasional və obyektiv təkliflərinin nəzərə alınmasının təmin edilməsidir”, - deyə Birinci vitse-prezidentin köməkçisi bildirib.

AmCham-ın Direktorlar Şurasının üzvü, “Ekvita” şirkətinin idarəedici partnyoru İlqar Mehti məhkəmə sistemindəki hazırkı vəziyyət və təmsil etdiyi qurumun münasib sayılan dəyişikliklərlə bağlı fikirlərini bölüşüb. Ölkədə arbitraj məhkəmələrinin yaradılmasının vacibliyindən danışan Direktorlar Şurasının üzvü qeyd edib ki, bu, kommersiya qurumları arasında mübahisələrin həllində daha səmərəli olacaq. O, məhkəmələrdə işlərin aparılması, vəkillik fəaliyyəti, bir sıra prosessual qaydaların müasir tələblərə cavab verməsi ilə bağlı təkliflərini səsləndirib.

Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı Fərmanı əsasında həyata keçirilən yeniliklərin sahibkarlar və biznes nümayəndələri ilə birgə müzakirəsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdıran Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev deyib: “Hazırda ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə mühüm islahatlar həyata keçirilir. Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı Fərmanın məqsədi bu sahədə müsbət dəyişiklikləri daha da sürətləndirmək, onun inkişafına yeni impuls vermək, vətəndaşların hüquqlarını daha effektiv qorumaq, ədalət mühakiməsi mexanizmlərini təkmilləşdirmək, sahibkarların hüquqlarını daha etibarlı müdafiə etməkdir. Məhz bu Fərmanla məhkəmə-hüquq sistemində yeni mərhələ başlanıb”.

Sektor müdiri qeyd edib ki, Fərmanın hazırlanması üçün ilk növbədə ölkədə hüquq sistemi təhlil olunub və müəyyən nəticəyə gəldikdən sonra hər bir istiqamət üzrə atılmalı olan addımlar müəyyənləşdirilib. İslahatların əsas istiqamətlərindən biri də cəza siyasətinin humanistləşdirilməsidir. Prezident İlham Əliyevin bununla bağlı 2017-ci ildə imzaladığı Fərmanın icrası nəticəsində Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik olunub. Humanistləşdirmə tədbirləri 14 minə yaxın şəxsə tətbiq olunub. Həmçinin 9 minə yaxın şəxs istintaq və məhkəmə mərhələsində məsuliyyətdən azad olunub, 1800 şəxs cəzadan azad edilib. Onların 800 nəfəri azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərdir.

Vüsal İsayev Prezidentin son Fərmanında da cəza siyasətinin humanistləşdirilməsi məsələsinə önəm verilməsinin görülən işlərin effektiv olmasından və bu tədbirlərin daha da təkmilləşdirilməsi məqsədindən irəli gəldiyini bildirib.

Ədliyyə nazirinin müavini Azər Cəfərov vurğulayıb ki, Fərmanda məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, məhkəmə fəaliyyətinin effektivliyinin yüksəldilməsi, şəffaflığının artırılması, məhkəmə qərarlarının vaxtında icra edilməsi, hakimlərin, məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması kimi taleyüklü məsələlər yer alıb. Əslində bütün məhkəmə islahatlarının ən vacib nəticəsi məhkəməyə müraciətlərin əlçatanlığının yaxşılaşdırılması ilə bağlıdır. “Vətəndaşların və hüquqi şəxslərin ədalət mühakiməsinə çıxışının asanlaşdırılması istənilən demokratik sistemin əsasını təşkil edir. Məhkəmələrin insanlara, hüquqi şəxslərə yaxınlaşdırılması üçün son dövrlər xeyli işlər görülüb. Bu gün ölkə ərazisində 6 regional apellyasiya, çoxsaylı ixtisaslaşmış, o cümlədən 7 inzibati, iqtisadi məhkəmə fəaliyyət göstərir. Bunlara baxmayaraq, ölkədə ixtisaslaşmış məhkəmələrin sayı orta Avropa göstəricisindən üç dəfə aşağıdır. Fərman bu sahədə islahatların aparılmasını və yeni ixtisaslaşmış məhkəmələrin yaradılmasını nəzərdə tutur. Artıq bununla bağlı müvafiq təkliflər hazırlanıb. Yeni yaradılacaq məhkəmələrdə vergi, gömrük, habelə sahibkarlıq sahəsində yaranan mübahisələrə baxılacaq. Bu, belə işlərin daha peşəkar baxılmasına və həll olunmasına imkan yaradacaq”, - deyə nazir müavini diqqətə çatdırıb.

Azər Cəfərov bildirib ki, hakimlərin sayının kifayət qədər olmaması onların iş yükünü artırır, məhkəmələrə müraciət imkanlarını məhdudlaşdırır. Ölkə üzrə hakimlərin sayı 2006-cı ildə iki dəfə artırılaraq 600-ə çatdırılıb. Lakin nəzərə almaq lazımdır ki, həmin dövrdən etibarən məhkəmələrdə mülki işlərin sayı beş dəfə artıb. Beləliklə, hazırda ölkə üzrə 100 min nəfərə 6 hakim düşür ki, bu da Avropa göstəricilərindən üç dəfə azdır. Buna görə də Fərmanda onların sayının 200 nəfər artırılması nəzərdə tutulur. Bu, ədalət mühakiməsinin effektivliyinin artırılması, işlərə baxılması müddətinin azaldılması baxımından olduqca önəmlidir.

Konfransda Bakı şəhər Yasamal Rayon Məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov elektron məhkəmə və elektron icra sistemi, “Ata Holding”in hüquq departamentinin direktoru Qorxmaz Ağayev icra sisteminin təkmilləşdirilməsi, özəl icra şirkətləri, alternativ ekspert rəyləri, “Dentos Bakı”nın idarəedici partnyoru Ceyms Hoqan mediasiya və arbitraj fəaliyyətinin inkişafı barədə təqdimatlarla çıxış ediblər.

Sonra özəl sektor nümayəndələri ilə açıq sual-cavab sessiyası keçirilib, sahibkarları maraqlandıran məsələlər barədə müzakirələr aparılıb.
Bu xəbər oxucular tərəfindən 32 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed