Şrift:
İran ilə Qərb dövlətləri arasında yeni danışıqlar prosesi başlayır
07.05.2019 [10:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran ilə Qərb dövlətləri arasında yeni danışıqlar prosesi başlayır.

Mayın 7-də İran, Fransa, Almaniya, Böyük Britaniya, Rusiya və Çinin nümayəndələri Brüsseldə görüşəcəklər. ABŞ birtərəfli qaydada 2015-ci ildə imzalanmış “Nüvə razılaşması” sazişindən çıxdığına görə bu görüşdə iştirak etməyəcək. Ekspertlər səviyyəsində keçiriləcək görüşdə ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar və İran ilə Avropa dövlətlərinin iqtisadi əməkdaşlığının perspektivləri müzakirə ediləcək.

Xatırladaq ki, ABŞ-ın “Nüvə razılaşması” sazişindən çıxması və İrana qarşı daha ciddi sanksiyalar tətbiq etməsi nəticəsində Avropa dövlətləri ilə İran arasındakı iqtisadi və ticarət əlaqələrində problemlər yaranıb. Maliyyə əməliyyatlarını davam etmək üçün cari ilin yanvar ayında Fransada INSTEX sistemi yaradılıb. Bu sistem sanksiyalardan yan keçərək İran ilə Avropa dövlətləri arasında maliyyə əməliyyatlarının həyata keçirilməsinə imkan verəcək. Lakin sistemin yanvar ayından yaradılmasına baxmayaraq, heç bir əməliyyat rellaşdırılmayıb.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, “Nüvə razılaşması” sazişində İran yalnız özünün nüvə proqramını məhdudlaşdırmağa razılıq verib. ABŞ isə saziş imzalanandan sonra İrana raket proqramını da məhdudlaşdırmaq şərtini irəli sürdü ki, bu da qarşılıqlı ittihamlara yol açdı. Nəticədə Prezident Donald Tramp ABŞ-ın sazişdən birtərəfli qaydada çıxdığını bəyan etdi və ardınca İrana qarşı bütün sanksiyaları nəinki bərpa etdi, eyni zamanda, yeni sanksiya tədbirləri də həyata keçirməyə başladı. Hazırda ABŞ İranın dünya bazarına neft çıxarmaq imkanını da sıfıra endirib.

Bütün bunların fonunda Avropanın səssiz qalması İranı qıcıqlandırdı. Avropa dövlətləri ABŞ-ı tənqid etsələr də, İran ilə iqtisadi əməkdaşlığı davam etdirmək üçün heç bir real addım atmadılar.

Beləliklə, ABŞ istisna olmaqla İran ilə “beşlik” arasında yenidən görüşüb danışmaq zərurəti meydana çıxıb. Ekspertlər səviyyəsində keçiriləcək bu görüşün ardınca nazirlərin görüşməsi nəzərdə tutulub. Bu görüşlərin nə ilə nəticələnəcəyini isə zaman göstərəcək.

Rabil Kətanov
Bu xəbər oxucular tərəfindən 74 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed