Şrift:
Ermənistan Bakıda keçiriləcək Avropa Gənclərinin Olimpiya Festivalına qatılmayacaq
07.05.2019 [10:47] - İdman
İki ölkə “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına qatılmayacaq.
Bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
Nazirin sözlərinə görə, bunlar Ermənistan və Lüskemburqdur: “Lüksemburqun hansı səbəbdən iştirak etməyəcəyini hələ biz də dəqiqləşdirməmişik. Bunu Avropanın Milli Olimpiya Komitələri rəsmilərinin Bakıda işə başlayan seminarının sonunda deyə bilərik. Ermənistana gəlincə, “Bakı 2019”da iştirakla bağlı öncədən müəyyənləşdirilən son tarixlər bitib. Nə Avropa Olimpiya Komitələri, nə də biz kiməsə təzyiq göstərmək fikrində deyil ki, gəlin, festivalda iştirak edin. Avropa Olimpiya Komitələrinə üzv olan ölkələr yarışa könüllü gələcəklər. Amma Ermənistan qatılmadı”.
“Bakı 2019”un Təşkilat Komitəsinin sədr müavini olan A.Rəhimovun sözlərinə görə, artıq sözügedən ölkələrin komanda idman növləri üzrə yarışlarda iştirakı mümkün deyil: “Bu gün Avropanın Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərləri üçün seminar keçirilir. Bundan öncə iki dəfə “Bakı 2019”un Koordinasiya Komissiyasının texniki görüşü baş tutub. Bu cür tədbirlərdə hər bir nümayəndənin onların yığma komandalarının qalmaları, nəqliyyat məsələləri və digər məqamlarla bağlı vacib sualları olur. Artıq komanda növləri üzrə yarışlarda hansı yığmaların iştirak edəcəkləri bəllidir və püşkatma da olub. İndi bundan sonra Ermənistan və ya Lüskemburq gəlib desin ki, mən də istəyirəm – buna görə bütün sistemi dəyişə bilmərik. Çünki bunun üçün kifayət qədər vaxtımız yoxdur. Qatılması mümkün olmayan idman növlərində Ermənistan və ya başqa ölkə iştirak edə bilməyəcək”.
Nazir bildirib ki, Ermənistan və ya Lüskemburq Milli Olimpiya komitələri idmançılarının fərdi növlər üzrə yarışlarda iştirak etməsini istəsələr, Təşkilat Komitəsi istisna hal kimi buna baxa bilər: “Festivada 48 ölkə iştirak edəcək. Ancaq fərdi idman növləri ilə bağlı Avropa Olimpiya Komitələrindən müraciət olsa, bunu istisna hal kimi müzakirə edə bilərik. Baxarıq görək ki, belə olan halda tədbirin təşkilində bizim üçün hansı risklər əmələ gəlir”.
Qeyd edək ki, Avropa Gənclərinin Yay Olimpiya Festivalı 21 - 27 iyulda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox nümayəndə heyəti üzvləri gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
Bu xəbər oxucular tərəfindən 62 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed