Şrift:
Hadi Bahaduri parlamentdə dedi: Bölgəyə sırınmış vali böhran yaradır, Azərbaycan əhalisi rəsmilərin şəkil və əlini öpməyə öyrəşməyib
07.05.2019 [11:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyənin İran parlamentindəki millət vəkili Hadi Bahaduri mayın 5-də parlamentdə etdiyi çıxışında Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisini tənqid atəşinə tutub.

Ötən günlərdə fəhlə və zəhmətkeşlər günü münasibəti ilə keçirilən tərbirdə millət vəkili ilə Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari ilə arasında ciddi mübahisə yaranmışdır. Mübahisə zamanı millət vəkili valiyə Azərbaycanda qonaq olduğunu xatırladaraq ona qonaq kimi hörmətini saxlamağı tövsiyyə edib. O həmçinin özünü bölgənin hakimi adlandıran yerli olmayan valiyə sərt xəbərdarlıq edərək ona əhalinin xadimi olduğunu bildirib. Məhəmməd Mehdi Şəhriyari isə millət vəkilini maliyyə pozuntularına yol verməkdə ittiham edib. Hadi Bahaduri iclasda dediyi kimi, parlamentdə və mətbuata verdiyi müsahibələrdə də buna kəskin reaksiya verib. O bildirib ki, vali səsləndirdiyi ittihamı sübut etməsə, şərəfsizdir!

Azərbaycanlı millət vəkili parlamentdəki çıxışında valinin Qərbi Azərbaycanda apardığı ayrı-seçkilik siyasəti və digər hərəkətləri barədə ölkə prezidenti Həsən Ruhani və daxili işlər naziri Rəhmani Fəzliyə səslənib.
“Cənab Rəhmani, bütün tövsiyyələrə rəğmən sizin yerliniz həssas və sərhədyanı Qərbi Azərbaycana vali təyin olundu. O indi millət vəkilini yalan ittiham və böhtanlara məruz qoyur, onu maliyyə pozuntularına yol verməkdə günahlandırır. Təbii ki, bundan əvvəl dediyim kimi, iddia etdiyi ittihamı sübut etməsə, şərəfsizdir!
Vali və ya hər məsulun maliyyə pozuntuları ilə bağlı iddiası varsa, bu barədə dərhal məhkəməyə müraciət etməlidir. Lakin belə ittihamların mətbuatda səsləndirilməsi ictimaiyyəti təşvişə salmaq və əhalidə ümidsizlik yaratmaqdan başqa heçnə deyil. Əgər sizin valiniz belə bir fakta rast gəlibsə və iki il müddətində məhkəməyə müraciət etməyibsə, o zaman qanunu pozub. Yox, əgər dediyinə əmin deyilsə, o zaman niyə insanları etibardan salır!
Vali əhali arasında birlik yaratmalıdır. Lakin sizin valiniz əyalətin millət vəkillərinin birliyinə mane olur və cəmiyyəti qütbləşdirir.
Valinizin bölgə ilə heç bir tanışlığı yoxdur və mütaliə etmədən yanlış açıqlamalar verir. Bununla da ictimaiyyətdə böhran yaradır və böyük türk və kürd qövmləri arasında ixtilafı gücləndirir.
Sizin valiniz iqtidarla müstəbidliyin fərqini bilmir.”- deyə o daxili işlər nazirinə xitabən dilə gətirdiyi sözlərin bir hissəsində qeyd edib.
Bu xəbər oxucular tərəfindən 128 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed