Şrift:
Baş nazirin müavini: Gələn ilin yanvarından ölkəmizdə hər kəsə icbari tibbi sığorta xidməti göstəriləcək
08.05.2019 [10:24] - Gündəm, Sosial
Gələn il yanvarın 1-dən ölkəmizdə hər kəsə icbari tibbi sığorta xidməti göstəriləcək.

Bu barədə Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Baş nazirin müavini bildirib ki, hazırda icbari tibbi sığorta ilə bağlı geniş işlər aparılır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərkibinə keçən xəstəxanaların hazır vəziyyətə gətirilməsi üçün işlər aparılır və hüquqi normativ sənədlər hazırlanır. Yəni, genişmiqyaslı işlər aparılır ki, 2020-ci ilin yanvarın 1-də ölkəmizdə icbari tibbi sığorta xidməti göstərilsin. Əlbəttə ki, icbari tibbi sığorta sisteminə keçməkdə məqsəd vətəndaşlarımıza göstərilən tibbi xidmətin səviyyəsinin və keyfiyyətinin yüksəlməsidir. Bununla əlaqədar olaraq vətəndaşlara müxtəlif kateqoriyalar üzrə xidmət göstərilməsinin maliyyələşməsi formaları fərqli olacaq. Təbii ki, işləməyən pensiyaçılar, uşaqlar və əlillər dövlət tərəfindən sığortalanacaq.

Baş nazirin müavini qeyd edib ki, digər kateqoriyadan olan əhali isə icbari tibbi sığorta haqqını ödəməklə xidmətdən faydalanacaq. Burada muzdlu işçilər üçün bir qayda nəzərdə tutulub. Onların əməkhaqqından, işə götürənin isə qazancından müəyyən faizlərin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ödənilməsi nəzərdə tutulur. Muzdlu əməklə məşğul olmayanlar üçün müəyyən bir məbləğ müəyyənləşəcək ki, bu ödəniş də o qədər yüksək deyil.
Bu xəbər oxucular tərəfindən 73 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed