Şrift:
FHN və Baş Prokurorluq "İsrafil Hüseynov" gəmisində baş verən partlayışla bağlı birgə məlumat yayıb
10.05.2019 [10:23] - Gündəm, Hadisə
Mayın 8-də “Saipem” şirkəti tərəfindən icarəyə götürülmüş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “İsrafil Hüseynov” borudüzən gəmisində texnoloji avadanlıqda yaranan nasazlığın aradan qaldırılması məqsədilə aparılan təmir işləri zamanı partlayışla müşayiət olunan yanğının baş verməsi səbəbindən şirkətin Azərbaycan Respublikası və digər xarici ölkələrin vətəndaşlarından ibarət 14 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin daxil olan birgə məlumatında bildirilir ki, faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Hadisə zamanı xəsarət almış şəxslərin təxirə salınmadan sahilə çıxarılaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilməsi təmin olunub. Yüksəkixtisaslı həkimlər cəlb edilərək zərərçəkənlərin müayinə və müalicələri Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.

Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin baş vermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 404-39-00, Fövqəladə Hallar Nazirliyinin 112, Baş Prokurorluğun 440-78-13 nömrəli “Qaynar xətt” əlaqə mərkəzlərinə zəng etmələri xahiş olunur.
Bu xəbər oxucular tərəfindən 56 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed