Şrift:
Avstriyada hər yeddi nəfərdən biri həddən artıq alkoqol qəbul edir
11.05.2019 [10:33] - Gündəm, Sosial
Avstriyada hər yeddi nəfərdən biri həddən ziyadə alkoqol qəbul edir. Bu barədə məlumat 2018-ci il üzrə “Narkotiklər hesabatı”nda yer alıb.

Əslində narkotik vasitələrin istehlakı barədə statistik məlumatları əks etdirməli olan hesabatda müəlliflər daha mühüm bir faktı aşkarlayıblar. Avstriya Səhiyyə Nazirliyinin təqdim etdiyi məlumatlar əsasında müəyyən edilib ki, ölkədə yaşı 15-dən yuxarı olan kişilər il ərzində orta hesabla 18,8 litr, qadınlar isə 6,2 litr təmiz alkoqol qəbul edirlər. Qeyd edilməlidir ki, bu göstəricilər 2017-ci ildə müvafiq olaraq 18,48 litr və 5,75 litr olub.

Müəlliflər hesabatı şərh edərkən bildiriblər ki, hazırda Avstriyada hər yeddi şəxsdən biri, yəni 1,24 milyon insan alkoqollu içkiləri sağlamlığa ciddi zərər vuracaq miqdarda qəbul edir. Hesabatda həmçinin 36500 nəfərin narkotik vasitələrdən riskli səviyyədə istifadə etməsi də əksini tapıb.

Hesabatda nikotin istifadəsi ilə bağlı ölkədə vəziyyətin nisbətən yaxşılaşması qeyd olunub. Lakin bununla belə Avstriyada qadınların 22 faizinin siqaret çəkdiyi, bununla da ölkənin Avropada birinci yerdə dayandığı bildirilir (Aİ-də orta göstərici 16 faiz). Kişilərin də 27 faizi nikotin istifadəçisidir və bu göstərici orta Aİ rəqəmlərindən (23 faiz) yüksəkdir.

Elgün Niftəli
Bu xəbər oxucular tərəfindən 67 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed