Şrift:
Şərqi Azərbaycan Əyalətində 14 min dərs otağında yenidənqurma işləri aparılmalıdır
11.05.2019 [10:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda şagirdlərin məktəb problemi heç bir şəkildə öz həllini tapmır. Bu istiqamətdə xeyriyyəçi soydaşlarımızın bir çox iş görməsinə rəğmən hələ də təhlükəli məktəb binalarında təhsil alan azərbaycanlı uşaqların sayı yüzminlərlədir.

Şərqi Azərbaycan Məktəblərinin Yenidənqurma İşləri İdarəsinin rəis müavini təmsil etdiyi əyalətdə minlərlə dərs otağında təmir-bərpa işlərinə ehtiyac olduğunu, çox sayda sinif otağının isə sökülməli olduğunu bildirib.

Məhəmmədəli Nəcəfi bu barədə Həştrudun Nəzərkəhrizi məntəqəsinin məktəblərinə baxış keçirərkən danışıb.

“Şərqi Azərbaycanda 24 min dərs otağından yalnız 10 mini normal vəziyyətdədir. 7 minində təmir-bərpa işlərinə ehtiyac var, 7 mini isə sökülərək yenidən tikilməlidir.
Hər dərs otağını tikmək üçün orta hesabla 150 milyon tümən vəsait tələb olunur. Əyalətdə sökülməli olan dərs otaqlarını yenidən inşa etmək üçün 2 min 100 milyard tüməndən çox vəsaitə ehtiyac var.”- deyə o bildirib.

Nəzərkəhrizi Məntəqəsi Təhsil Şöbəsinin rəisi isə təmsil etdiyi bölgədə 93 məktəb olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, 93 məktəbin 60 faizində təmir-bərpa işləri aparılmalı, qalanları isə sökülərək yenidən tikilməlidir.

İfəndiyar Həsənzadə qeyd edib ki, köhnə məktəb binalarından əlavə, 37 qeyri-standart kaneks (dəmirdən hazırlanmış otaqlar) məktəb kimi istifadə olunur. Şübhəsiz ki, bu məktəblərin də özünə məxsus probləmləri var.

Yuxarıda adlarını çəkdiyimiz hər iki hökumət rəsmisi problemi həll etmək üçün dövlətdən deyil, xeyriyyəçi şəxslərdən yardım gözlədiklərini diqqətə çatdırıblar.
Bu xəbər oxucular tərəfindən 26 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed