Şrift:
Azərbaycanlı pəhləvandan Qərbi Azərbaycana təhmil olunmuş valinin kobud ifadəsinə tutarlı cavab
14.05.2019 [11:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Pəhləvan Kərim Boksçu Qərbi Azərbaycana təhmil olunmuş yerli olmayan kürd kökənli valinin işlətdiyi kobud ifadəyə tutarlı cavab verib.

Xəbər verdiyimiz kimi, ötən günlərdə fəhlə və zəhmətkeşlər günü münasibəti ilə keçirilən tədbirdə Urmiyənin millət vəkili Hadi Bahaduri ilə Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari arasında mübahisə yaranıb. Mübahisə zamanı Məhəmməd Mehdi Şəhriyari özünü bölgənin hakimi adlandırıb. Bu sözdən narahat olan Hadi Bahaduri ona hakim deyil, əhalinin xadimi olduğunu xatırladıb. Millət vəkili həmçinin ona Azərbaycanda qonaq olduğunu xatırladaraq qonaq kimi hörmətini saxlamağı tövsiyyə etmişdir.

Kərim İsmayılzadə (Boksçu) bu barədə bir video yayaraq rejim tərəfindən Azərbaycana sırınan valiyə xəbərdarlıq edib:
“Ötən günlərdə Urmiyədə iki məsul arasında mübahisə yaranıb. Qonaq olan məsul yerli olan məsula bu şəhərin hakimi olduğunu bildirib. Deyirəm ki, qulaqlarını aç eşit, qızdırman qalxmasın! Azərbaycan torpağında türklərdən başqa hakim yoxdur. Səndən yekələri gəlib belə iddialar edib, lakin Molla Həsəni onların qulağını və quyruğunu kəsib bölgədən çıxartdı. Hamı bilsin, Azərbaycan torpağı kimsəyə pay verilməyəcək.”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

Powerlifting İdmanı üzrə Avrasiya Yarışlarının çempionu Kərim İsmayılzadə Güney Azərbaycanda çox sevilən məşhur idmançılardan biridir. O “Türkmən səhra” bölgəsi sel fəlakəti ilə üzləşdiyi zaman dostları ilə birlikdə əhalidən onlarla yük maşını yardım toplayıb, təbii fəlakətə məruz qalan soydaşlarıma göndərmişdir.

Qeyd edək ki, Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari radikal kürdlərdən biridir, o Şimali Xorasanın Bocnurd şəhərindəndir. Bölgəyə sırınan vali hər zaman Azərbaycana qarşı sərgilədiyi radikal mövqeyi ilə seçilib.

Məhəmməd Mehdi Şəhriyari radikal mühacir kürdləri önəmli postlara təyin etməsi, Azərbaycan komandalarından fərqli olaraq kürd idman komandalarına dəstək verməsi və bölgənin kürdləşdirilməsi prosesində böyük rol oynaması ilə dəfələrlə Azərbaycan mətbuatının gündəminə düşüb.

N.S
Bu xəbər oxucular tərəfindən 47 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed