Şrift:
Türk Şurası Gənc Diplomatlarının birgə təlim proqramının iştirakçıları Milli Məclisdə olublar
16.05.2019 [10:34] - Gənclik, Türk dünyası-Turan
Mayın 15-də Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstanı təmsil edən Türk Şurası Gənc Diplomatlarının altıncı birgə təlim proqramının iştirakçıları ilə görüşü keçirilib.

Səməd Seyidov gəncləri belə önəmli layihədə təmsil olunmaları münasibətilə təbrik edib, onların peşəkar diplomat kimi formalaşmalarında bu proqramın əhəmiyyətli olduğunu deyib. Onların burada əldə etdikləri bilik və təcrübənin gələcək fəaliyyətlərində faydalı olacağını bildirib.

Gənc diplomatlara Milli Məclisin fəaliyyəti barədə məlumat verilib. Parlament komitələrinin qanun yaradıcılığı sahəsində gördüyü işlərdən danışılıb. Bildirilib ki, parlamentin bir çox üzvünü qadınlar təşkil edir. Qadın deputatlar Milli Məclisin və komitələrin rəhbərliyində təmsil olunurlar.

Diqqətə çatdırılıb ki, parlamentdə beynəlxalq münasibətlərə xüsusi önəm verilir. Azərbaycanın qanunverici orqanında dünyanın müxtəlif ölkələri ilə 80-dən çox parlamentlərarası əlaqələr üzrə işçi qrupu mövcuddur. Deputatlarımız bir sıra mötəbər beynəlxalq təşkilatlarda ölkəmizi layiqincə təmsil edir, qaldırılan məsələlərlə bağlı fəallıq nümayiş etdirirlər. Səməd Seyidov AŞPA-da nümayəndə heyətinin rəhbəri qismində burada təmsil olunan həmkarları ilə birlikdə qurumun bütün tədbirlərində fəal iştirak etdiklərini qeyd edib.

Komitə sədri bildirib ki, dövlətimiz öz xarici siyasətini qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurur. Ölkəmiz TAP, TANAP və digər beynəlxalq enerji layihələrinin fəal iştirakçısıdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyi sahəsində böyük rol oynayır.

Deputat Asim Mollazadə Azərbaycan parlamentinin yaranma tarixi barədə məlumat verib. O deyib ki, Azərbaycan parlamenti müsəlman Şərqində yaradılan ilk parlament olub. Deputat, həmçinin Azərbaycanın regiondakı mühüm rolundan danışıb, ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinə xüsusi önəm verildiyini deyib, iqtisadi, sosial, humanitar sahələrdə əldə edilən nailiyyətlərdən söhbət açıb.

Söhbət zamanı gənclərin Azərbaycanın qonşu ölkələrlə münasibətləri, dünyada və regionda baş verən son hadisələr, regional münaqişələr və onların həlli istiqamətində atılan addımlar və digər məsələlər barədə sualları cavablandırılıb.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed