Şrift:
Türkiyə Prezidentinin iştirakı ilə Samsunda bayram mərasimi keçirilib
20.05.2019 [10:21] - Xəbərlər, Türkün şanlı tarixi
Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə milli qurtuluş mübarizəsinin başlanması münasibətilə təsis edilən 19 may-Atatürkü anma, gənclik və idman bayramı qeyd olunur.

Bayram münasibətilə ölkənin hər yerində olduğu kimi, Samsun şəhərində də dövlət və hökumət nümayəndələri, siyasi partiya rəhbərləri, eləcə də ölkə ictimaiyyətinin görkəmli simalarının iştirakı ilə təntənəli mərasim keçirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Samsunda insanlar qarşısında çıxış edib. Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün başladığı milli qurtuluş savaşını türk xalqının şərəf tarixi kimi dəyərləndirən dövlət başçısı, ölkədəki ictimai-siyasi vəziyyətə, regional proseslərə, qarşıda duran vəzifələrə dair fikir və mülahizələrini bölüşüb.

Rəsmi mərasimdən sonra “Solu türk” qrupu möhtəşəm uçuşları ilə izləyicilərin bayram ovqatını daha da yüksəldib. Ölkənin hər yerində bayram mərasimləri axşam saatlarınadək davam edəcək.

Qeyd edək ki, Türkiyə dövlətinin banisi Mustafa Kamal Paşa 1919-cu il mayın 16-da “Bandırma” gəmisi ilə İstanbuldan yola çıxıb və üç gün sonra Samsun sahillərinə çatıb. Samsunda işğal altında olan türk torpaqlarını düşməndən azad etmək üçün milli-qurtuluş savaşı elan olunub. Bu şərəfə Türkiyədə hər il 19 may - Atatürkü anma, gənclik və idman bayramı kimi qeyd olunur.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 91 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed