Şrift:
Türkiyə Prezidenti Türk Şurasının nümayəndə heyətini qəbul edib
21.05.2019 [11:34] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreevin rəhbərliyi etdiyi nümayəndə heyətini qəbul edib.

TDƏŞ-in katibliyindən verilən məlumata görə, baş katib Türk Şurasının təsis edilməsinin 10 illiyi ilə bağlı tədbirlər, eləcə də 2019-cu ilin oktyabrında Bakıda keçirilməsi nəzərdə tutulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşünə hazırlıq işləri barədə məlumat verib. Baş katib təşkilata üzv ölkələr arasında bütün sahələr üzrə əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün TDƏŞ-in fəaliyyətinə dəstək verdiyinə görə Türkiyə Prezidentinə minnətdarlığını ifadə edib. Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının təsis edildiyini bildirən TDƏŞ-in rəhbəri üzv ölkələr arasında Birgə Sərmayə Fondunun yaradılması istiqamətində görülən işlərdən danışıb.

Türkiyənin türk dünyası ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan 2018-ci il sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində qəbul olunan qərarların icrasından məmnunluğunu ifadə edib. Təşkilatın beynəlxalq əlaqələrinin və tərkibinin müşahidəçi statusu ilə genişlənməsini yüksək dəyərləndirib.

Birgə Sərmayə Fondunun təsis edilməsinə dair hazırlıq işlərini təqdirəlayiq olduğunu deyən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu Fond orta və kiçik sahibkarlıq başda olmaqla, özəl sektorun inkişafına yardım etmək iqtidarında olmalıdır.

Qəbulda Türk Şurasının, eləcə də türkdilli ölkələrin birləşdiyi digər təşkilatların fəaliyyətinə dair səmərəli fikir mübadiləsi aparılıb.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 62 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed