Şrift:
Tədqiq edilən alban kilsəsinin daha qədim məbəd üzərində inşa edildiyi kəşf olundu
22.05.2019 [09:11] - Gündəm, DAVAMın yazıları
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyasının rəhbəri, antik dövr arxeologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov tərəfindən Balakən rayonunun Tülü kəndi ərazisindəki Qafqaz Albaniyası xristian abidəsində tədqiqat işləri aparılmışdı.
2019-ci il aprelin 10-dan mayın 09-dək ekspedisiya Balakən rayonu Tülü kəndi ərazisində ilk orta əsrlərə aid Qafqaz Albaniyasına məxsus xristian abidəsində arxeoloji qazıntı işlərini davam etdirib.
2017-2018-ci ilin tədqiqat mövsümündə aparılan arxeoloji qazıntılar nəticəsində uzunluğu qərb girişi ilə birlikdə 19 m, eni 5,70 metrlə 12,30 m arasında dəyişən, Qafqaz Albaniyasına məxsus xristian abidəsi tədqiqata cəlb edilmişdir.
Builki tədqiqat mövsümü abidənin inşaat dövrünü müəyyən edilməsi istiqamətində aparılmışdır. Bu məqsədlə, kilsənin cənub divarının xarici üzündə müəyyən edilmiş hissədə arxeoloji tədqiqatlara başlanılmışdır. Aparılan arxeoloji tədqiqatlar nəticəsində abidədə mövcud olan üçüncü tikinti qatı aşkarlanmışdır. Bu qatın dəqiq konturlarının müəyyən edilməsi istiqamətində aparılan tədqiqatlar nəticəsində müəyyən edildi ki, Tülü kilsəsi uzunluğu 15, eni 10,50 m, olan daha qədim dini ictimai tikili üzərində inşa edilmişdir.
Aşkar olunan bu tikili qatının kompleks olaraq tədqiqi üçün kilsənin qərb girişinin daxili araşdırılmış və dini ictimai binanın şimal divarının torpaq altında qalan hissəsi təmizlənmişdir. Daha qədim dövrə aid dini ictimai binanın şərq divarının mövcudluğunun müəyyən edilməsi istiqamətində kilsənin altar hissəsinin cənub divarının bayır üzünə yoxlama qazıntısı qoyulmuşdu. Bu qazıntı nəticəsində şərq divarının kilsənin altarının alt hissəsində yerləşdiyi müəyyənləşdi. Burada aparılan qazıntı işləri nəticəsində xristian dəfn adətinə uyğun 24 qəbir izləmək mümkün olmuşdur ki, bu qəbirlər bəzilərində təkrar dəfn həyata keçirilmişdi. Aşkarlanan qəbirlərin əksəriyyəti uşağa, yeniyetməyə və yetkin insana məxsus olması müəyyən edilmişdir.
Arxeoloq Natiq Alışovun bildirdiyinə görə, aparılan arxeoloji tədqiqatlar nəticəsində abidə ərazisində ilk dəmir dövründən orta əsrlər kimi müxtəlif dövrlərə aid keramika nümunələrinə, kirəmit fraqmentlərinə, dəndaşı, şüşə qolbaq hissələrinə, pasta muncuq, tuncdan asma bəzək, ritual əşyalara və xristianlığın əsas simvolu sayılan xaç nümunəsi aşkar olunmuşdu. Bu dini ictimai binanın kompleks araşdırılması üçün gələcəkdə də arxeoloji tədqiqatın davam etdirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Zaqatala-Yevlax-Tbilisi magistralı üzərində yerləşən bu abidə güclü turizm potensialına malikdir.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed