Şrift:
Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun inşasına başlanılıb
23.05.2019 [10:48] - Xəbərlər, İqtisadiyyat
Mayın 22-də Bolqarıstanın Kirkovo bölgəsində Azərbaycan təbii qazını bu ölkəyə nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (Interconnector Greece-Bulgaria (IGB) təməlqoyma mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovla yanaşı, Bolqarıstanın Baş naziri Boyko Borisov, Yunanıstan Baş naziri Aleksis Tsipras, hər iki ölkənin enerji nazirləri, Avropa Komissiyası və Avropa İnvestisiya Bankının (EIB) yüksək səviyyəli rəsmiləri, eləcə də müxtəlif ölkələrdən 150-dən çox qonaq iştirak edib.

Baş nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycan, Bolqarıstan və Yunanıstanın təkcə enerji sektorunda deyil, digər sahələrdə də uğurlu və davamlı əməkdaşlığının vacibliyini vurğulayıb.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç ünvanladığı videomüraciətdə deyib: “IGB-nin həyata keçirilməsi bölgənin qaz təchizatı təhlükəsizliyini artıracaq və Avropanın enerji infrastrukturuna töhfə verəcək”.

Mərasimdə bildirilib ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru digər mühüm layihələrin - Cənub Qaz Dəhlizi, TANAP və TAP-ın birləşdirici funksiyasını daşımaqla geniş enerji strategiyası və Avropanın prioritetlərini müəyyən edir.

Yunanıstan-Bolqarıstan İnterkonnektorunun operatoru olan “ICGB AD” şirkəti boru kəmərinin inşasını həyata keçirəcək.

Xatırladaq ki, 2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alınması ilə bağlı 25 illik saziş imzalayıb. Azərbaycan təbii qazı “Trans-Adriatik” (TAP) qaz boru kəməri ilə 2020-ci ildə Avropaya çatdırılacaq. Həmin il Yunanıstan-Bolqarıstan qaz şəbəkələrinin bir-biri ilə əlaqələndirilməsi planlaşdırılır. Bolqarıstan interkonnektor ilə 2020-ci ildən etibarən ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq. Azərbaycan qazı Bolqarıstanın istehlakının dörddəbir hissəsini ödəyəcək.

IGB layihəsinin dəyəri təxminən 220 milyon avro qiymətləndirilir. Boru kəməri Şimal-Şərqi Yunanıstanın Komotini və Bolqarıstanın cənubundakı Stara Zagora bölgələrini bir-birinə birləşdirəcək. IGB qaz boru kəmərinin Komoti və Stara Zagorada çıxış nöqtəsi olacaq, Yunanıstan və Bolqarıstan milli təbii qaz sistemləri arasında birbaşa əlaqə yaradılacaq. 182 kilometrlik IGB boru kəməri Yunanıstandan Bolqarıstana ildə təxminən 3 milyard kubmetr təbii qaz nəqli qabiliyyətinə malik olacaq və gələcək bazar tələbatına əsasən bu həcmin illik 5 milyard kubmetrə çatdırılması imkanı var.
Bu xəbər oxucular tərəfindən 52 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed