Şrift:
"Herisin bir kiçik kəndində 7 soydaşımız intihar edib"
23.05.2019 [12:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Əhər və Heris şəhərlərinin İran parlamentindəki millət vəkili Beytulla Abdullahi Herisin bir kiçik kəndində yoxsulluqdan 7 kənd sakinin intihar etdiyini bildirib.

O bu barədə mayın 21-də parlamentdə çıxışı zamanı danışıb.

“Herisin 1500 nəfər əhalisi olan bir kəndində son bir il əzində 7 nəfər intihar edib. Təbii ki, bu intiharların əsas səbəbi kəndlərdə hökm sürən yoxsulluqdur.
Bundan əvvəl həmin kəndin əhalisi inşaat işlərində çalışırdı, hazırda inşaat işlərində durğunluq yaşandığı üçün əhali işsiz qalıb.
Əhər və Herisin kəndlərində yalnız payız fəsli və yazın əvvəllərində su olur. Kəndlərin əhalisi əkinçilik işlərini bərpa etmək üçün dövlətdən kiçik su bəndlərinin tikilməsini gözləyir. Lakin bu tələb təmin olunmur.
Heris kəndlərində hətta içməli su da bahalı qiymətə satılır, qiymətin ucuzlaşmasına dair verilən vədlər isə yerinə yetirilmir.
Herisin əmənd bəndi təxrib olunub. Bənddə qısa müddətdə təmir-bərpa işləri aparılmasa, heyvandarlıq, kənd təsərrüfatı və bölgənin ətraf mühitinə ciddi ziyan dəyəcək.
Hesab eliyirəm ki, dövlət bu məsələlərə, xüsusi ilə də bölgə əhalisinin işsizlik probleminə diqqət yetirməli, bu istiqamətdə ciddi addımlar atmalıdır.”- deyə o bildirib.

Millət vəkili azərbaycanlı əkinçilərin Vəqflər İdarəsi tərəfindən ələ keçirilən torpaq məsələsinə də toxunub. “Əhər və Herisdə Vəqflər İdarəsi hər gün bir sənədi bəhanə edərək torpaq sahiblərinə torpaqlarının həmin idarəyə aid olduğu barədə xəbərdarlıq edir. Halbu ki, bu torpaqlar hər zaman əhaliyə aid olub və həmin sahələrdə kənd təsərrüfatı işi ilə məşğul olublar.”- deyə Beytulla Abdullahi vurğulayıb.

Qeyd edək ki, son vaxtlar Güney Azərbaycanın bütün bölgələrində müxtəlif yaş qruplarına aid insanlar arasında intihar faktları artıb. İran rejiminin Azərbaycana qarşı apardığı iqtisadi ayrı-seçkilik siyasəti şəhər və kəndlərdə son illərdə oxşarı görünməyən işsizlik və yoxsulluğa yol açıb. Şübhəsiz ki, bu kimi problemlərin intihar faktlarının sayının artmasına xüsusi rolu var.

N.S
Bu xəbər oxucular tərəfindən 58 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed