Şrift:
"Çelsi" və "Arsenal" klublarına ayrılmış biletlərdən satılmayanları Bakıya göndərilib
24.05.2019 [11:07] - İdman
AFFA İngiltərənin "Arsenal" və "Çelsi" komandalarının Bakıdakı Avropa Liqasının final oyunu üçün biletlərdən imtina etməsinə dair iddialara aydınlıq gətirib.
Qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla açıqlamasında UEFA-nın verdiyi hərəyə 6000 biletdən "Çelsi"nin 3500-nü, "Arsenal"ın isə 4500-nü öz azarkeşlərinə satdığını söyləyib.
Federasiya rəsmisi bildirib ki, həlledici qarşılaşmaya vaxtın az qaldığını və Azərbaycanda biletlərə tələbatın çox olduğunu nəzərə alan AFFA UEFA-ya müraciət edərək, qalan 4000 biletin Bakıda satılmasını istəyib: "Burada biletə tələbat çoxdur. Gün ərzində bununla bağlı yüzlərlə zəng qəbul edirik. Həmin 4000 bilet artıq Bakıya göndərilib və dünəndən etibarən iTicketin kassalarında satışa çıxarılıb".
F.Abdulla həmçinin hər iki komandanı izləmək üçün Bakıya yetərincə fanatın gələcəyini söyləyib: "Klublara UEFA tərəfindən 6 min biletin verilməsi o demək deyil ki, hər biri üçün bu sayda da azarkeş gələcək. Bu, klublar üçün verilir ki, azarkeşlər bileti daha rahat əldə edə bilsinlər. "Arsenal" azarkeşlərinin həmin biletlərdən savayı bilet aldıqlarını heç kim inkar edə bilməz. Həmin sayda bilet ona görə ayrılır ki, bütün biletlər satılar və komandanın azarkeşinə qalmaz. Klubun azarkeşinin UEFA-nın saytı vasitəsi ilə də bilet əldə etmək imkanı var. Məcbur deyil ki, klubun satışa çıxardığından alsın".
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı saat 23:00-da başlayacaq.
Bu xəbər oxucular tərəfindən 417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed