Şrift:
Azərbaycanlı fəal Əziz Purvəlinin izdihamlı dəfn mərasimi keçirilib
25.05.2019 [10:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dünən Təbrizdə Azərbaycan Milli Hərəkatının qocaman fəalı Əziz Purvəlinin izdihamlı dəfn mərasimi keçirilib.

Mərhum Ə.Purvəli “Azərbaycan başın sağolsun” sədaları altında torpağa tapşırılıb.

Dəfn mərasimində Güney Azərbaycanın müxtəlif bölgələrindən olan onlarla fəal, o cümlədən Səid Mətinpur və Yürüş Mehrəlibəyli iştirak edib. Mərasimi nəzarət altında saxlayan təhlükəsizlik qüvvələri iştirakçılara hücum edərək onlardan bir neçəsini saxlayıb.

Əziz Purvəli mayın 23-də Təbrizdə xəstəlikdən vəfat edib. O həyatda olduğu zaman Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.
Azərbaycanlı fəallar ölümündən əvvəl xəstəxanada müalicə alan Əziz Purvəliyə dəfələrlə baş çəkiblər. Milli mübarizəyə görə həbs edilən siyasi məhbuslar, o cümlədən Abbas Lisani isə hər zəng etdikdə mərhum Purvəlini səhhəti ilə maraqlanıblar.

Mərhumun ailəsi, Milli Hərəkat fəalları və Azərbaycan türk millətinə dərin hüznlə başsağlığı diləyirik.
“Ruhu şad olsun”
Bu xəbər oxucular tərəfindən 382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed