Şrift:
Xurmanın faydaları
29.05.2019 [11:28] - Sağlıq
Alimlər insanın yalnız xurma və su ilə uzun illər yaşaya biləcəyini təsdiq edirlər. Qida mütəxəssisləri qeyd edirlər ki, bir ədəd xurma və bir stəkan süd insanın qidaya olan gündəlik tələbatını ödəyə bilər. Tərkibində təxminən 20 faiz nəmlik olan təzə xurmalarda 60-65 faiz şəkər və 2 faiz zülal, quru xurmalarda isə 75-85 faiz şəkər mövcuddur. 100 qram təbii şəkildə qurudulmuş xurmanın enerji dəyəri 274 kilokaloridir.

Ümumiyyətlə xurmanın tərkibində orqanizm üçün faydalı olan zülal, karbohidrat, yağ, əhəmiyyətli mineral elementlərdən olan fosfor, kalsium, dəmir, kalium, maqnezium, həmçinin A və B qrup vitaminləri (B1, B2, B3, B6, B12 ) mövcuddur. Xurma yüksək lifli məhsul olduğu üçün xüsusilə mədə-bağırsaq traktının fəaliyyətinə müsbət təsir edərək, bağırsaqların fəaliyyətini tənzimləyir. Həmçinin xurmadakı şəkər qanda şəkərin miqdarını artıran qlükoza deyil, orqanizmin aktivliyini gücləndirən, onu hərəkət və bol miqdarda istilik enerjisi ilə təmin edən, asanlıqla mənimsənilən fruktozadır. Elə bu səbəbdən də istənilən miqdarda xurma istehlakı orqanizmə artıq çəki (piylənmə) problemi yaratmır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) informasiya təminatı və innovativ həllər şöbəsindən bildiriblər ki, gün ərzində uşaqların 3, böyüklərin isə maksimum 7 ədəd xurma qəbul etməsi onların günlük mineral və vitaminlərə tələbatlarının bir qismini təmin edir. Xurma bədəni və zehni gücləndirir, damar qalınlaşması və xolesterinə qarşı qoruyucu rolu oynayır, böyrək iltihabına və daşlardan təmizlənməsinə müsbət təsir göstərir. Xurma istehlakı, həmçinin dərini qidalandırır, günəş ləkələrini yox edir, qanda şəkərin miqdarını tənzimləyir. Xurmanın tərkibindəki dəmir anemiya xəstəliyinin əmələ gəlməsinin qarşısını alır, B1 və B2 vitaminlərinin olması qaraciyərin fəaliyyətini gücləndirir. Süd verən anaların xurma qəbul etməsi onlarda süd hormonlarını aktivləşdirir və südün çoxalmasını təmin edir.

Mütəxəssislər ağır fiziki və zehni işlə məşğul olan insanlara yorğunluq və halsızlıq hiss etdikdə səhər, günorta və axşam 3 ədəd xurma yeməyi məsləhət görürlər.

Yaxşı yetişmiş xurma orta ölçüdə, səthi hamar, tünd qəhvəyi rəngli, ləkəsiz, yumşaq, çəyirdəkli olmalı lakin, parlaq, yapışqan, yağlı olmamalıdır. Xurmanın xarici səthinin açıq rəngli olması onun yaxşı yetişmədiyini, daxili lətli hissəsinin tünd rəngdə olması isə onun köhnə olduğunu göstərir. Həmçinin xurmanın qabığında çatlar varsa, qabığı soyulursa, bu o deməkdir ki, məhsul süni üsullar ilə qurudulub. Belə xurmaların istehlakı məsləhət görülmür.
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed