Şrift:
Beynəlxalq Muğam Mərkəzində Seyid Şuşinskinin 130 illiyi qeyd olunub
30.05.2019 [11:20] - Mədəniyyət
Mayın 29-da Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsi çərçivəsində Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, tanınmış musiqi xadimi və pedaqoq, Xalq artisti Seyid Şuşinskinin anadan olmasının 130 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikası Prezidentinin görkəmli xanəndənin 130 illik yubileyinin qeyd edilməsi haqqında 2019-cu il 4 fevral tarixli Sərəncamının icrası çərçivəsində təşkil olunub.

Tədbirdə Xalq artisti Arif Babayev Seyid Şuşinskinin bənzərsiz sənət dünyasından söz açaraq, sənətkarla bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, Azərbaycanda muğam sənəti Seyid Şuşinskinin proqramı ilə tədris olunur.

Xalq artisti, tarzən Ramiz Quliyev bildirib ki, Seyid Şuşinski məktəb yaradaraq muğam tarixinə öz möhürünü vurub. Onun tələbələri Azərbaycanın muğam sənətini xarici ölkələrdə təbliğ edir və dünyaya sevdirirlər.

Tədbirin aparıcısı, tədqiqatçı alim Gülhüseyn Kazımlı Seyid Şuşinskinin həyat və yaradıcılığından geniş söhbət açıb. Bildirib ki, o, sənəti ilə gənc və yaşlı nəsil arasında bir körpü yaradıb. Bu günün xanəndələri həmin körpüdən istifadə edərək keçmişin muğamını orijinal formada ifa edirlər.

Qeyd olunub ki, Qarabağ xanəndəlik məktəbinə mənsub qüdrətli sənətkar Seyid Şuşinski xalqımızın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan qədim muğam ənənələrimizi layiqincə qoruyaraq yaşadıb. Geniş diapazonlu, nadir, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik böyük muğam ustası mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycan musiqi xəzinəsini daha da zənginləşdirib.

Seyid Şuşinski müəllim kimi uzun illər ərzində istedadlı musiqiçilərin yetişdirilməsində də təqdirəlayiq fəaliyyət göstərib.

Tədbirdə əvvəlcə videoçarx göstərilib.

Konsertdə Əməkdar artist Bəyimxanım Vəliyeva və Azərbaycan Televiziyası və Radiosunun solisti Ayşən Mehdiyevanın ifasında muğam dəsgahları səsləndirilib.
Bu xəbər oxucular tərəfindən 426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed