Şrift:
Azərbaycan prezidenti Türkiyə xalqına başsağlığı verib
24.10.2011 [09:40] - Gündəm
Dövlət başçısı İlham Əliyev Türkiyə prezidentinə və baş nazirinə başsağlığı məktubu ünvanlayıb


Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Abdulla Gülə başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir: “Ölkənizdə baş vermiş dəhşətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Türk xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!”

Prezidentin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 23-də A. Gülə telefonla da zəng edib. Dövlət başçısı İ. Əliyev qardaş Türkiyədə baş vermiş faciə xəbərinin bütün Azərbaycanda dərin sarsıntı ilə qarşılandığını, xeyli sayda insanın həlak olması və yaralanmasının böyük kədər hissi doğurduğunu diqqətə çatdırıb, həlak olanların ailə üzvlərinə və yaxınlarına, bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.

Prezident A. Gül göstərilən diqqətə və başsağlığına görə prezident İ. Əliyevə minnətdarlığını bildirib.

Azərbaycan prezidenti Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana da başsağlığı məktubu göndərib. Məktubda deylir: “Van vilayətində baş vermiş zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Türk xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Qeyd edək ki, oktyabrın 23-də Bakı vaxtı ilə saat 15.41-də episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Diyarbəkr, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində hiss edilib. Dağıntıların olduğu və eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ Azərbaycan Respublikası Naxçıvan MR-nın Sədərək, Şərur, Babək rayonlarında eləcə də Naxçıvan şəhərində 3.5-3.0 bal gücündə hiss edilib. Azərbaycan ərazisində dağıntılar yoxdur.

Vanda isə rəsmi olaraq 85 nəfərin öldüyü təsdiqlənib, 500-ə qədər yaralı var.
Bu xəbər oxucular tərəfindən 1005 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed