Şrift:
Məhəmməd Əlimuradinin “Sən çağırsan gələrəm mən” sənədli filmi təqdim olunub
30.05.2019 [11:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı kinorejissor Məhəmməd Əlimuradinin “Sən çağırsan gələrəm mən” sənədli filmi təqdim olunub.

Türk dilində hazırlanan sənədli film Novruz bayramı günlərində selə məruz qalan “Türkmən səhra” bölgəsi ilə bağlıdır. Filmdə Azərbaycan, türkmən və Qaşqay türklərinin ayrılmaz olduğu və onların birliyi təsvir olunub.

Müəllif çəkdiyi filmi “Türkmən səhra” təbii fəlakət bölgəsinə yardıma gedən, lakin qayıdarkən “Gümüştəpə”də qayıqları aşdığı üçün şəhid olan 6 xilasediciyə həsr edib.



“”Türkmən səhra” bölgəsində baş verən sel fəlakəti ilə bağlı xəbər yayıldıqdan dərhal sonra Azərbaycan və Qaşqay türklərinin yardım karvanı təbii fəlakət bölgəsinə yollandı. Yardım karvanları “Traxtur” komandası banneri və “Sən çağırsan gələrəm mən” sədası ilə hərəkət edib, “Türkmən səhra”da oğuz nəvələrinin birliyini nümayiş etdirdilər.”- deyə Məhəmməd Əlimuradi çəkdiyi sənədli filmlə əlaqədar yazıb.

Türk ellərinin bu şəkildə dayanışma nümayiş etdirməsi şiə və sünni bölgələri arasında mümkün inamsızlığı təmami ilə aradan qaldırıb.

Bu hadisədən sonra bir qrup türkmən soydaşımız məşhur türkmən futbolçu Sərdar Azmunun təşəbbüsü ilə “Perspolis”lə görüşdə “Traxtur” komandasına dəstək vermək üçün Təbrizə gəldilər. Azərbaycanlılar tərəfindən alqışlarla qarşılanan soydaşlarımız yol boyu “Sən çağırsan gələrəm mən...” şüarı səsləndirmişdilər.
Sözügedən sənədli filmdə məhdud şəkildə də olsa, İran coğrafiyasında yaşayan türk ellərinin bir-birinə olan məhəbbəti təsvir olunub.

N.S
Bu xəbər oxucular tərəfindən 46 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed