Şrift:
Avropa Şurasının 2018-2021-ci illər üçün Azərbaycan üzrə yeni Fəaliyyət Planı təqdim edilib
31.05.2019 [10:33] - Gündəm, Siyasət
Mayın 30-da Avropa Şurasının 2018-2021-ci illər üçün Azərbaycan üzrə yeni Fəaliyyət Planı təqdim edilib.

Bununla bağlı keçirilən tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib ki, Azərbaycan beynəlxalq təşkilatlarla münasibətləri bərabərlik və qarşılıqlı maraq əsasında qurur. Qəbul edilmiş Fəaliyyət Planı Avropa Şurası ilə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Dörd il üçün nəzərdə tutulan Fəaliyyət Planı Avropa Şurası ilə praktik əməkdaşlıq üçün əsasdır. Orada ölkəmiz üçün maraq doğuran bir çox məsələlər təqdim olunub. Azərbaycanda demokratik cəmiyyətin inkişafı siyasətimizin əsas vəzifəsidir və bununla əlaqədar Avropa Şurası ilə əməkdaşlıq bizim üçün çox vacibdir. O, həmçinin qeyd edib ki, planda məhkəmə sferası, korrupsiyaya qarşı mübarizə, insan alverindən başqa, yeni əməkdaşlıq sahələri də təqdim olunacaq. Buraya gender bərabərliyi, uşaq hüquqları, gənclərin inkişafı və digər məsələlər daxildir.

Avropa Şurasının Proqramlar üzrə Baş Direktorluğunun rəhbəri Verena Teylor bildirib ki, yeni Fəaliyyət Planının həyata keçirilməsi üçün doqquz milyon avro ayrılıb. Maliyyələşmənin 63 faizi artıq həyata keçirilib. Maliyyələşmənin böyük hissəsi Avropa İttifaqı, eləcə də ABŞ tərəfindən ayrılıb. Vəsaitlərin böyük qismi məhkəmə və penitensiar sistemlərdə islahatlar üçün ayrılıb.
Bu xəbər oxucular tərəfindən 49 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed