Şrift:
TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının növbəti iclası keçirilib
31.05.2019 [10:36] - Gündəm, Türk dünyası-Turan
Mayın 30-da Qırğızıstan Parlamentinin ev sahibliyi ilə Bişkekdə TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının beşinci iclası keçirilib. İclas çərçivəsində TÜRKPA-nın 10-cu ildönümünə həsr edilmiş fotosərgi də təşkil olunub.

İclasın gündəliyində əsas yeri “Təbii ehtiyatların ekoloji cəhətdən səmərəli istifadəsi: hüquqi dəstək” mövzusu tutub.

Komissiyanın sədri, Azərbaycan Respublikası Milli Məclisinin komitə sədri Əhliman Əmiraslanovun sədrlik etdiyi iclasda üzv ölkələrdən olan parlament nümayəndələri və ekspertlər iştirak ediblər.

Təbii ehtiyatların səmərəli istifadə edilməməsinin insan sağlamlığı və həyatına təsirini vurğulayan tədbir iştirakçıları təbii ehtiyatların davamlı istifadə olunmasının idarə edilməsində üzv parlamentlərin oynaya biləcəyi rolu qeyd ediblər. Komissiya üzvləri təbii ehtiyatlardan rasional istifadə və təbii ehtiyat potensialının qorunması üçün ictimai maarifləndirmənin artırılmasına dair müzakirələr aparıb, bu istiqamətdə üzv ölkələr arasında əməkdaşlıq və birgə fəaliyyətə ehtiyac olduğunu vurğulayıblar. Həmçinin iştirakçılar müvafiq sahədə üzv ölkələrin milli qanunvericiliklərinin yaxınlaşdırılması imkanlarına dair fikir mübadiləsi aparıblar.

Komissiya 2019-cu ilin ikinci yarısında TÜRKPA-nın Azərbaycanda keçiriləcək doqquzuncu plenar iclasina təqdim edilməsi üçün mövzuya dair hesabat məruzəsini və tövsiyə qərarını, eləcə də 2019-cu ilin yanvar ayında Ankarada keçirilmiş “Meşələrin təbii sərvətlərinin qorunması və təbii ehtiyatların ekoloji cəhətdən səmərəli istifadəsi” mövzusunda seminarın yekun hesabatını təsdiq edib.

Həmin gün komissiya üzvləri Qırğızıstan Parlamentinin sədri Dastanbek Jumabekov ilə də görüşüblər.
Bu xəbər oxucular tərəfindən 470 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed