Şrift:
Həmədanda iş qəzalarında ölən fəhlələrin sayı 31 faiz artıb
31.05.2019 [11:46] - Güney Azərbaycan xəbərləri
İranda iş yerlərində baş verən qəzalarda ölən fəhlələrin sayı günü-gündən artır.

“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, Həmədan Əyaləti Tibbi Ekspertiza Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri əyalətdə iş qəzalarında ölənlərin sayının 31 faiz artdığını bildirib.

Statistik məlumata əsasən, hicri-şəmsi təqvimi ilə 1396-cı ildə (İranda yeni il Novruz bayramında başlayır, hazırda 1398-ci ildir) Həmədan Əyalətində 29 nəfər, 1397-ci ildə isə 38 nəfər iş yerində baş verən qəzalarda həyatını itirib.

Mayın 29-da Həmədanın Dehpiyaz kəndində 34 yaşlı bir fəhlə tikilməkdə olan bir binanın 2-ci mərtəbəsindən yıxılaraq ölüb.

Baş nahiyyəsindən ağır yaralanan fəhlə xəstəxanaya çatdırılıb, lakin onun həyatını qurtarmaq mümkün olmayıb.

İran işçilərin sağlamlığı və əmək təhlükəsizliyinin təmin olunmasında dünya üzrə 102-ci ölkədir. Təhlükəsizlik texnikası qaydalarının tətbiq olunmaması və əlverişli əmək şəraitinin yaradılmaması hər il ölkədə çox sayda fəhlənin ölüm, xəsarət alma və bədən üzvlərinin itirilməsi ilə nəticələnir. Bundan əvvəl İran İnşaat Fəhlələri Dərnəyinin rəisi bildirmişdir ki, bir ildə 15 min işçi bədbəxt hadisə ilə üzləşməsi İran üçün rekord vurmaq deməkdir.

N.S
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed